İlham Əliyevin Vyetnam səfərinin pərdəarxası məqamları – Deputatdan diqqətçəkən AÇIQLAMA

 15:52 20.11.2026     46

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərini həm ikitərəfli münasibətlər kontekstində, həm də Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Təbii ki, ali səviyyədə həyata keçirilən bu səfər Azərbaycan–Vyetnam münasibətlərində strateji tərəfdaşlığın inkişaf etdirilməsi, razılaşdırılan məsələlərin praktik icrası baxımından da mühüm siyasi və diplomatik hadisədir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirdi. O əlavə etdi ki, Azərbaycanla Vyetnam arasında münasibətlərin möhkəm tarixi və siyasi təməlləri var:

"1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü statusunda onun rəhbərliyi altında sovet nümayəndə heyətinin Vyetnama səfəri bu əlaqələrin formalaşmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri və 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlər olmuşdur. Məhz 7 may 2025-ci ildə Bakıda Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi Azərbaycan–Vyetnam münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir".

Müsahibimiz vurğuladı ki, ikitərəfli siyasi münasibətlərdə xüsusi əhəmiyyət daşıyan məqam Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə etməsidir:

"Torpaqlarımızın Ermənistanın işğalı altında olduğu dövrdə Vyetnam Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və suverenliyinə hörmətlə yanaşıb. Bu prinsipial mövqe münasibətlərimizin yalnız iqtisadi maraqlara deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı siyasi etimada əsaslandığını göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Vyetnamın mövqelərində mühüm yaxınlıq mövcuddur. BMT, Qoşulmama Hərəkatı və hazırda sədrlik etdiyimiz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlıq çoxtərəfliliyin, dövlətlərin suverenliyinin və beynəlxalq hüququn müdafiəsinə xidmət edir".

Millət vəkili qeyd etdi ki, digər mühüm istiqamət geosiyasi və geoiqtisadi əməkdaşlıqdır:

"Azərbaycan Cənubi Qafqazda Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və enerji qovşağıdır. Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatlarından biridir. Bu baxımdan Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları Vyetnamın Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi üçün yeni perspektivlər açır. Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlıq Azərbaycanın beynəlxalq tranzit və logistika rolunun gücləndirilməsinə də xidmət edir. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi, 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının təxminən altı dəfə artması əməkdaşlığın praktik potensialını nümayiş etdirir.

Nəhayət, humanitar və mədəni əlaqələr münasibətlərimizin xüsusi üstünlüyüdür. Sovet dövründə Azərbaycanda təhsil almış təxminən beş min vyetnamlı mütəxəssis, Heydər Əliyev Fondunun Vyetnamdakı layihələri, təhsil və mədəniyyət sahəsində təşəbbüslər xalqlarımız arasında etimadın davamlılığını təmin edir".

R.Nəbiyev bildirdi ki, Prezident İlham Əliyevin Vyetnama səfəri tarixi dostluğun konkret iqtisadi, siyasi və geostrateji nəticələrə çevrilməsi üçün yeni imkanlar yaradacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən