Okean və dənizlərə açılan Cənub-Şərqi Asiya regionuna doğru: xarici siyasətimizin yeni üfüqləri
Tarix boyu böyük dövlətlər Şərqə, o cümlədən Cənub-Şərqi Asiyaya daxil olmağa müxtəlif yollarla can atıblar. Top-tüfənglə, silahla gələnlər məğlub olublar, əməkdaşlıq etmək istəyənlər isə xoş qarşılanıb...
Neçə illərdir müşahidə edirik və nəticələrini də görürük. Azərbaycan dövlətinin cənab Prezident İlham Əliyev tərəfindən reallığa əsaslanan, təkcə bu günü deyil, bir neçə il sonranın da mümkün beynəlxalq şəraitini nəzərə alaraq həyata keçirilən vahid xarici siyasətinin ana xəttini sırf milli maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Atılan bütün addımlar əvvəlcədən dərindən təhlil edilir, dəqiq planlaşdırılır, mümkün nəticələri bir neçə variantda proqnozlaşdırılır və həyata keçirilir.
Növbəti belə addımlardan biri cənab Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəridir. İlk olaraq sual yaranır: nə üçün Cənub-Şərqi Asiya regionu, nə üçün Vyetnam?
Nə üçün Cənub-Şərqi Asiya, nə üçün Vyetnam?
Vyetnama səfər etməyin bir sıra səbəbləri vardır. Birincisi, Vyetnamın yerləşdiyi coğrafi-siyasi məkan dünya siyasətində və iqtisadiyyatında mühüm yer tutur. Vyetnam 1967-ci ildə yaradılmış, başlıca məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək, ticarəti inkişaf etdirmək, investisiyaları cəlb etmək, regionda sabitliyi qorumaq olan, dünya iqtisadiyyatında vacib mövqe tutan regional iqtisadi və siyasi təşkilat – ümumi əhalisinin sayı təxminən 700 milyon nəfər təşkil edən, 11 ölkənin (İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Vyetnam, Bruney, Kamboca, Laos, Myanma, Şərqi Timor) daxil olduğu, dünyanın beşinci ən böyük iqtisadi məkanı sayılan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvüdür. Dünyanın mühüm maliyyə, bankçılıq, logistika və beynəlxalq ticarət mərkəzlərinin yerləşdiyi Cənub-Şərqi Asiya dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən regionlarından biridir.
İkincisi, Çin və Hindistan kimi nəhəng dövlətlərin arasında yerləşən, okeanlara və dənizlərə çıxışı olan bu region əlverişli coğrafi-siyasi mövqeyi ilə cəlbedicidir.
Üçüncüsü, Çin, Yaponiya, ABŞ, Avropa İttifaqı və digər iqtisadi mərkəzlərlə sıx ticarət əlaqələri saxlayan ASEAN ölkələri dünya iqtisadiyyatında və ticarətində sənaye, beynəlxalq ticarət, turizm, kənd təsərrüfatı, maliyyə, xidmətlər, xarici investisiyalar və s. ilə xüsusi yer tuturlar.
Dördüncüsü, bu regionda zəngin təbii sərvətlər vardır.
Nəhayət, böyük və ucuz əmək bazarının, xarici investisiyalar üçün əlverişli şəraitin olması regionun iqtisadi əhəmiyyətini artıraraq onu cəlbedici edir. Heç əbəs deyildir ki, bu gün Avropada və ABŞ-də bir çox şirkətlər bəzi ofislərini bağlayıb ucuz işçi qüvvəsinin olduğu Cənub-Şərqi Asiyada yer tutmağa çalışırlar.
Bu amillərin sayını artırmaq da olar. Amma bir məsələ aydındır ki, gələcəkdə ASEAN-ın dünya iqtisadiyyatında rolu daha da artacaq, mövqeləri möhkəmlənəcəkdir.
Azərbaycan dövləti də strateji hədəfləri güdür. ASEAN ölkələri ilə qurulan qarşılıqlı faydalı əməkdaşlıqda Vyetnamın özünəməxsus yeri vardır. Bu ölkəyə səfər ərəfəsində cənab Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin bütün fəlsəfəsini açır. Azərbaycan dövlətinin xarici siyasətində başlıca meyar böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə münasibətlərində milli maraqların qorunması, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdır.
Bəs ölkəmizin xarici siyasətində Vyetnamın yerini hansı amillər şərtləndirir?
Münasibətlərin təməlləri
Münasibətlərimizi bir sıra amillər şərtləndirir. Birincisi, ərazisi 331 min 212 kvadrat kilometr, əhalisinin sayı isə 100 milyon nəfərdən çox olan, Sakit okean hövzəsində yerləşən Vyetnam Cənub-Şərqi Asiya regionunda özünün geosiyasi mövqeyinə görə xüsusi yer tutur. Cənubi Çin dənizinə geniş çıxışı olan Vyetnam Azərbaycan üçün cəlbedicidir.
İkincisi, Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi, dünyanı birləşdirən etibarlı körpüdür. Orta dəhlizin imkanlarından istifadə etməklə Vyetnam Azərbaycan vasitəsilə Avropaya çıxa bilər. Azərbaycan dövlət rəhbərinin dediyi kimi, iki ölkənin qüvvələrinin birləşdirilməsi yeni bazarlara çıxmaq, birgə layihələri həyata keçirmək, biznes və investisiyalar üçün əlavə imkanlar yaratmaq deməkdir.
Üçüncüsü, qarşılıqlı münasibətlərə tarixi əlaqələr güclü təsir göstərir. Bu əlaqələr 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri ilə qurulub, dostluq münasibətləri yaradılıb. Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin 1983-cü ildə Vyetnama səfəri təkcə bu ölkə ilə deyil, region dövlətləri ilə əlaqələrdə də xüsusi rol oynayıb. Müstəqillik illərində cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri münasibətlərin müqavilə-hüquq bazasının yaradılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyət daşıyıb. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə təzə səhifə açıb. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə münasibətlər keyfiyyətcə yeni səviyyəyə qaldırılıb.
Dördüncüsü, iki ölkə çoxtərəfli əsasda BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Beşincisi, münasibətlərin maddi təməlləri qurulub. İki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olması təkcə mövcud vəziyyəti əks etdirmir, eyni zamanda, bu sahədə böyük potensialın olduğunu göstərir. Neft və qaz sahəsində əməkdaşlıq edilir, Azərbaycan Vyetnam investisiyası üçün cəlbedici ölkədir. Vyetnam malları etibarlı tranzit olan Azərbaycandan keçərək Avropaya və əks istiqamətə daşınır.
Nəhayət, ölkələrimiz və xalqlarımız arasında münasibətləri humanitar əlaqələr şərtləndirir. Azərbaycanda ali məktəblərdə təhsil almış yüzlərlə Vyetnam vətəndaşı bu gün ölkələrində müxtəlif sahələrdə işləyir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin dərinləşdirilməsində müstəsna rolu vardır. Vyetnamda ibtidai məktəb binasının tikintisi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və digər fəaliyyətlər münasibətləri daha da sıxlaşdırır. Fondun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə keçirdiyi görüşlər, Hanoy Ticarət və Turizm Kollecinə edilən maliyyə dəstəyi əməkdaşlıqda iz buraxıb. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Azərbaycanda ənənəvi olaraq Vyetnam günləri keçirilir.
Bütün bu amillər münasibətlərin təməllərinin möhkəm, perspektivlərinin isə geniş olduğunu göstərir. Cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin əvvəlkilər kimi uğurlu olacağını indidən söyləmək olar...
Musa Qasımlı,
Milli Məclis sədrinin müavini













