“Separatçıları müdafiə etmək siyasi manipulyasiyadan başqa bir şey deyil” - Deputatdan Fransaya CAVAB

 17:23 20.11.2026     40

“Azərbaycanın antiterror əməliyyatlarından üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycana qarşı hücumlar dayanmır. Müəyyən qüvvələr qərəzli yanaşmalarla öz siyasi mövcudluqlarını təmin etməyə çalışırlar. Fransa kimi bir dövlətdə müəyyən siyasi xadimlərin ikili standartlar mövqeyindən çıxış etməsi utancvericidir. Çünki Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması öhdəliyi daşıyır. Eyni zamanda, Avropa İttifaqının regionda planlaşdırdığı yeni layihələr, eləcə də Ermənistanla münasibətlər kontekstində bu cür yanaşmalar Azərbaycan-Ermənistan arasında normallaşma və sülh prosesinə zərbə vurur. Ermənistanın özünün sülh səylərinə zərbə vurur”.

Bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev Redaktor.az-a açıqlamasında Fransa rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərdən danışarkən bildirdi. O qeyd etdi ki, birtərəfli bəyanatların səsləndirilməsi beynəlxalq hüquq prinsiplərinin pozulması, siyasi proseslərə biganəlik və yerli proseslərə birbaşa müdaxilə kimi qiymətləndirilməlidir:

“Həmin birtərəfli bəyanatları səsləndirən rəsmilərə, parlament üzvlərinə və Fransa hökumətinə məlumdur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu sərhədlər daxilində Azərbaycanın öz konstitusion quruluşuna uyğun addımlar atması dövlətin suveren hüququdur. Azərbaycan separatizmin kökünü kəsməyi və işğala son qoymağı yalnız hərbi müstəvidə deyil, siyasi-diplomatik və hüquqi müstəvidə də həyata keçirib”.

Siyasətçinin sözlərinə görə, Azərbaycanda keçirilən məhkəmə prosesini Nürnberq tribunalı ilə müqayisə etmək yerindədir:

“Çünki həmin proseslərdə insanlıq əleyhinə, müharibə əleyhinə cinayətlər, terrorizm, terrorizmin maliyyələşdirilməsi və Azərbaycan Cinayət Məcəlləsinin digər 30-a yaxın maddəsi üzrə ittiham olunan şəxslərin işinə baxılıb. Bir ildən artıq davam edən məhkəmə prosesi zamanı müxtəlif beynəlxalq qurumlar, insan hüquqları təşkilatları, saytlar və ayrı-ayrı şəxslər vasitəsilə təzyiq göstərilməsinə cəhdlər olub. Hətta BMT-nin özbaşına həbslərlə bağlı qurumuna müraciət edilərək təqsirləndirilən şəxslərdən birinin prosessual hüquqlarının pozulduğu və məhkəmənin ədalətliliyinin şübhə altına alındığı iddia edilib. Lakin BMT-nin müvafiq qurumu bu iddiaları birmənalı şəkildə rədd edib. Bu da Azərbaycanda aparılan prosesin şəffaflığını və prosessual hüquqlara riayət olunduğunu göstərir”.

Millət vəkili əlavə etdi ki, belə bir şəraitdə hüquqa uyğun şəkildə ittiham olunan şəxslərə siyasi dəstək göstərilməsi və onların müdafiə edilməsi siyasi manipulyasiyadan başqa bir şey deyil:

“Separatçıların Azərbaycanda həbsdə saxlanılması məsələsinin Fransada özbaşına həbs kimi təqdim olunması da bu cür yanaşmanın növbəti təzahürüdür. Ümumiyyətlə, həmin şəxslərlə bağlı indiyədək müxtəlif ifadələrdən istifadə edilib. Əvvəl “hərbi əsir”, daha sonra “siyasi məhbus” adlandırılıblar, indi isə “özbaşına həbs olunan şəxslər” kimi təqdim edilirlər. Bu ifadələrin davamlı dəyişməsi məsələyə hüquqi deyil, siyasi-manipulyativ mövqedən yanaşıldığını göstərir. Söhbət qanlı separatizmin təbliğatçıları və icraçıları olmuş, silahlı separatizmin həyata keçirilməsində, qanunsuz silahlı birləşmələrin yaradılmasında və terrorçuluğun maliyyələşdirilməsində ittiham olunan şəxslərdən gedir. Burada insanlıq əleyhinə və müharibə əleyhinə cinayətlər kimi universal yurisdiksiya əsasında təqib olunan cinayətlərdə ittiham olunan şəxslərdən söhbət gedir. Bu şəxsləri təkcə Azərbaycan deyil, Ermənistan və Fransada da məhkəmə qarşısına çıxara bilərdi. Lakin belə addımlar atmaq əvəzinə, həmin şəxsləri mühakimə edən dövlətə qarşı ittihamların irəli sürülməsi qəbuledilməzdir. Əgər hansısa şəxsin özbaşına həbs edilməsi iddiası varsa, hüquq çərçivəsində bunun mübahisələndirilməsi üçün müxtəlif mexanizmlər mövcuddur”.

Müsahibimiz bildirdi ki, Azərbaycana qarşı irəli sürülən digər ittihamlardan biri də mədəni və dini irsin dağıdılması ilə bağlıdır:

“Halbuki Azərbaycan ərazisində mövcud olan bütün mədəni və dini abidələr xalqımızın mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Multikulturalizm və tolerantlığın Azərbaycan modeli dünyaya, o cümlədən Avropa dövlətlərinə nümunədir. Bu mənada ölkəmizdəki dini və mədəni irsin qorunması dövlətin öhdəliyidir və buna əməl olunur. Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçirilib və bu abidə Azərbaycanın maddi-mədəni irsi kimi qorunur. Eyni yanaşmanı Bakıda yerləşən erməni kilsəsinin qorunmasında da görmək mümkündür. Digər tərəfdən, Azərbaycan ərazisində sonradan qanunsuz şəkildə inşa edilmiş tikililərin hüquqa uyğunluğu məsələsi də nəzərə alınmalıdır”.

Həmsöhbətimiz Ermənistanın işğal dövründə Azərbaycanın mədəni və dini irsinə vurduğu zərərin də unudulmamalı olduğunu vurğuladı:

“İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i məhv edilib, 900-dən artıq kitabxana və çoxsaylı mədəni abidələr dağıdılıb. Meşələrin yandırılması, Azərbaycanın flora və faunasına, maddi-mədəni irsinə vurulan zərər də bu siyasətin nəticələridir. Çünki bir xalqın müəyyən ərazidə yaşamasını yalnız siyasi və hüquqi arqumentlərlə əsaslandırmaq mümkün deyil, həmin ərazidə onun tarixi və mədəni izləri də olmalıdır. Ermənistan tərəfinin süni şəkildə irs yaratmaq və özünə yad hesab etdiyi irsi məhv etməsi bu kontekstdə qiymətləndirilməlidir.

Qarabağ zəfərindən sonra, 2021-ci ildə Azərbaycanın Ağdam, Füzuli və digər ərazilərinə UNESCO missiyasının göndərilməsi məsələsi gündəmə gəlmişdi. Azərbaycan həmin missiyanı qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin missiyanın bölgəyə gəlməsi baş tutmadı. Bu prosesdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini şübhə altına almağa çalışan qüvvələrin mövqeyi də nəzərə alınmalıdır. Belə ki, onlar Ağdamın qarşısında “Azərbaycan Respublikası” ifadəsini yazmaq istəmədilər. Belə bir şəraitdə Azərbaycanın mədəni irsin dağıdılmasında ittiham edilməsi əsassız siyasi spekulyasiyadır”.

R.Nəbiyev qeyd etdi ki, insan hüquqları və humanitar məsələlər ətrafında Azərbaycana qarşı səsləndirilən ittihamlarda da ikili standartlar davamlı müşahidə olunur:

“30 illik işğalın humanitar nəticələrindən biri 4010 azərbaycanlının taleyinin bu günədək məlum olmamasıdır. İtkin düşmüş şəxslərin taleyi ilə bağlı Avropa dövlətlərinin kəskin reaksiyasını, bəyanatını görməmişik. Azərbaycan xalqı uzun illər qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Lakin həmin dövrdə bu məsələyə beynəlxalq müstəvidə eyni həssaslıq nümayiş etdirilməyib. Bu gün isə humanitar məsələlər selektiv şəkildə gündəmə gətirilir. Azərbaycan ərazisini tərk edən ermənilərin öz avtomobilləri ilə getdiyi, şəxsi əşyalarını götürmək imkanına malik olduğu, eyni zamanda, onların daşınması üçün əlavə avtobusların da təqdim edildiyi nəzərə alınmalıdır. Belə bir vəziyyətdə məsələnin birtərəfli şəkildə təqdim olunması obyektiv yanaşma deyil”.

O bildirdi ki, Fransa daxilində baş verən hadisələr, etiraz aksiyaları zamanı atılan addımlar da bu kontekstdə diqqətə çatdırılır:

“Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya öz daxili məsələlərinə diqqət yetirməsi ilə bağlı çağırışı da məhz bu ikili standartlara etirazın ifadəsidir. Ayrı-ayrı siyasi şəxslər malik olduqları səlahiyyətlərdən və mediaya çıxış imkanlarından istifadə edərək, hətta sakit dövrlərdə belə Azərbaycana qarşı bəyanatlar səsləndirirlər. Bu yanaşma 30 illik işğalın humanitar nəticələrinə münasibətdə nümayiş etdirilən susqunluqla müqayisədə daha aydın görünür. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni reallıqlar şəraitində inkişaf və quruculuqla məşğuldur. Ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və əməkdaşlıq imkanlarının genişlənməsi isə təkcə regionda deyil, regiondan kənarda da müəyyən qüvvələri narahat edir. Buna görə də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqlər davam etdirilir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən