ABŞ ilə təhlükəsizlik əməkdaşlığı Azərbaycanın mövqeyini gücləndirəcək - Aydın Hüseynov
"Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul etməsi iki ölkə arasında münasibətlər baxımından diqqət çəkən hadisədir".
Bunu Redaktor.az-a danışan deputat Aydın Hüseynov bildirdi.
O hesab edir ki, bu görüş Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq:
"Çünki təhlükəsizlik məsələləri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Regionda baş verən proseslər də bu sahədə əməkdaşlığın vacibliyini daha da artırır. Azərbaycan Cənubi Qafqazda mühüm mövqeyə malikdir. ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə də müsbət təsir göstərəcək. Əməkdaşlığın bir neçə istiqamətdə inkişaf edəcəyini düşünürəm. İlk növbədə, sərhəd təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə, kibertəhlükəsizlik və qanunsuz miqrasiya məsələlərini qeyd etmək olar. Həmçinin hava limanlarının və mühüm infrastruktur obyektlərinin təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin aparılacağına ümid edirik".
Millət vəkili diqqətə çatdırdı ki, digər mühüm istiqamət nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyidir:
"Xüsusilə TRIPP layihəsinin həyata keçirilməsi bu baxımdan əhəmiyyət daşıyır. Bu marşrutun fəaliyyətə başlaması regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Bununla yanaşı, təhlükəsizlik məsələlərinin də diqqətdə saxlanılması vacibdir. Mən hesab edirəm ki, bu görüş iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm siyasi mesajdır. 2026-cı ildə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da münasibətlərin inkişafı üçün yeni imkanlar yaradıb. İndi əsas məsələ əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsidir. Ümumilikdə, Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar var. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinin ikitərəfli əlaqələrə yeni məzmun qazandıracağına və qarşılıqlı etimadı gücləndirəcəyinə inanırıq".
NURİYYƏ













