Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü - YENİLƏNİB - FOTO
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin cari vəziyyəti, strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyi məmnunluqla vurğulanıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
İqtisadi-ticarət əlaqələrinin Azərbaycan-İtaliya əməkdaşlığının aparıcı istiqamətlərindən biri olduğu qeyd edilib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.
Bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunun iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycanın uzun illərdir İtaliyanın etibarlı neft və təbii qaz təchizatçısı kimi çıxış etdiyi, həmçinin sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialına diqqət çəkilib. Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. İtaliya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa dəvət edilib.
Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Bakı şəhərində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin əhəmiyyəti qeyd olunub. Təhsil, elm, mədəniyyət, gənclər, idman və turizm sahələrində əlaqələrin, habelə universitetlər və elmi müəssisələr arasında birbaşa təmasların genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək və koordinasiyanın əhəmiyyəti qeyd edilib.
Nazirlər tərəfindən Yaxın Şərq regionunda davam edən münaqişələr ətrafında fikir mübadiləsi aparılıb və bu münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Ceyhun Bayramov regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətlərinə göstərdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün nəticəsində nazirlər birgə mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında geniş tərkibdə görüş keçirilib.
Redaktor.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyi, strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin əsas regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər 2014 və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan yüksək səviyyəli siyasi dialoqu xüsusi vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına çatıb və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Tərəflər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunun nəticələri də müsbət qiymətləndirilib.
Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı rolunu, Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən fəaliyyətini vurğulayıblar.
Ceyhun Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin, nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq layihələrinin yaratdığı imkanlardan danışıb. Kritik xammal sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd olunub.
Görüşdə regional proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı davamlı çətinliklər barədə məlumatlandırıb.
Nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıblar. Azərbaycan-İtaliya Universitetinin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu xüsusi qeyd olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
***
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və italiyalı həmkarı Antonio Tayani arasında təkbətək görüş başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
***
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan italiyalı həmkarı Antonio Tayanini qarşılayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
















