Paşinyan Azərbaycanın tələbini yerinə yetirir: Ermənistanın konstitusiyasından Qarabağ iddiası çıxarıldı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Layihədə Azərbaycanın əsas tələblərindən biri olan, 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması nəzərdə tutulub.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, nəhayət, Ermənistan Respublikasının yeni konstitusiya layihəsi elan olunub:
"Layihə artıq mətbuatda dərc edilib və ayrı-ayrı siyasi xadimlər, o cümlədən Nikol Paşinyan bu məsələ ilə bağlı açıqlamalar veriblər. Nikol Paşinyanın xalqa müraciətinin də şahidi olduq. Ən əsası isə bizi, Azərbaycanı maraqlandıran və tələb etdiyimiz məsələlərdən biri olan Ermənistanın yeni konstitusiyasında 1991-ci ildə qəbul edilən və əvvəlki konstitusiyaya daxil edilən Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır.
Gözlənildiyi kimi, bu məsələ Paşinyan hakimiyyəti tərəfindən gündəmə gətiriləndə çox böyük müzakirələr aparılmışdı. Çünki həmin sənədi tarixi sənəd hesab edənlər var. 1991-ci ildə qəbul olunan bu sənəddə Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə Ermənistan Respublikasının birləşdirilməsi haqqında bəyannaməyə istinad var idi. Artıq bu istinad aradan qaldırılır. Bu da o deməkdir ki, konstitusiya bu şəkildə qəbul edilərsə, Azərbaycan torpaqlarına olan iddiaların konstitusion əsasını təşkil edən istinad aradan qalxmış olacaq. Konstitusiyanın ən böyük özəlliklərindən biri də budur və bu məsələ öz həllini tapa bilər".
Politoloqun sözlərinə görə, Ermənistanda 500 minə yaxın səsə malik olan müxalifət qüvvələri bu dəyişikliyə etiraz edirdilər:
"Amma konstitusiya layihəsini hazırlayan heyət hesab edir ki, bu istinad olmamalıdır və artıq layihədə də həmin istinad yoxdur. Paşinyan bugünkü müraciətində qeyd etdi ki, əgər bu istinadı saxlasaydılar, bu, Azərbaycanla müharibə vəziyyətinin davam etməsi və yaxın zamanda yenidən müharibəyə cəlb olunmaq ehtimalı demək olardı. Ona görə də Ermənistan bu məsələdən imtina etməlidir".
Qafar Çaxmaqlı Paşinyanın çıxışında diqqət çəkən digər məqamın Ermənistan Respublikasının quruculuğu ilə bağlı ifadənin dəyişdirilməsi olduğunu vurğuladı:
"Paşinyanın çıxışında önəmli məqamlardan biri də ondan ibarətdir ki, daha əvvəl Ermənistan Respublikasının əsasını erməni xalqının qoyduğu barədə ifadə var idi. Yəni belə bir fikir yer alırdı ki, Ermənistan Respublikası erməni xalqına məxsusdur. Amma konstitusiyanın elə birinci maddəsində bu ifadə dəyişdirilib və qeyd olunub ki, Ermənistan Respublikasının əsasını Ermənistan xalqı qoyur. Beləliklə, erməni xalqı ilə Ermənistan xalqı anlayışları arasında seçim edilib. Çünki Ermənistanda yalnız ermənilər yaşamır. Əslində, əhalisinin 99 faizi ermənilərdən ibarət monoetnik dövlət olsa da, gələcəkdə demokratik və sivil dövlət qurmaq üçün belə bir ifadədən istifadə edilib".
Müsahibimiz layihə ilə tanış olduğunu və sənədin 89 maddədən ibarət olduğunu bildirdi:
"Bu layihədə Ermənistan dövlətinin hüquqi və siyasi sistemini əsaslandıran bir çox müddəalar var. Onların içərisində diqqəti çəkən məsələlərdən biri də ordu ilə bağlıdır. Ermənistan ordusu başqa ölkəyə hücum ordusu deyil, müdafiə ordusu kimi təqdim edilir. Bu da normal qarşılana bilər".

Siyasi şərhçi əlavə etdi ki, layihənin parlamentdə qəbul olunması üçün də müəyyən siyasi çətinliklər mövcuddur:
"Paşinyan öz çıxışında deyir ki, bu layihənin elan olunması bir məsələdir, konstitusiya kimi qəbul edilməsi isə tamam başqa məsələdir. Çünki Ermənistan parlamentində konstitusiya dəyişikliyi üçün tələb olunan səs çoxluğu yoxdur. Parlamentdə 64 nəfərlik çoxluq var, amma konstitusiya layihəsinin qəbul edilməsi üçün 70 səsə ehtiyac var. Paşinyan elə bu müraciətində də müxalifətə bir daha müraciət etdi ki, layihəyə dəstək versinlər.
Əgər xalq konstitusiya layihəsinə yox desə, Paşinyan istefa verəcəyini bildirib. İstefa verəcəyi təqdirdə yeni parlament seçkilərinə gediləcək və bu seçkilərdə indiki müxalifətin parlamentdə böyük çoxluq əldə etməməsi də mümkündür. Əgər xalq konstitusiya layihəsinə hə desə, Paşinyan növbəti seçkilərdə öz namizədliyini irəli sürməyəcəyini də açıqlayıb".
Politoloq bu siyasi prosesin Ermənistanda necə şərh olunduğuna da toxundu:
"Paşinyan dördüncü respublika adlandırdığı Ermənistanın əsaslarını qoyur və gələcəkdə parlament daxilində siyasi fəaliyyətini davam etdirəcək. Ölkədə parlament üsul-idarəsinə uyğun olaraq baş nazir və digər qurumlar seçiləcək və onlar yenə də Paşinyanın nəzarəti altında fəaliyyət göstərəcəklər. Konstitusiyanın digər maddələri də yenilənib. Onları müqayisə etmək xeyli vaxt aparardı. Mənə elə gəlir ki, Ermənistan əsas məsələni həll etmək üçün bu addımı atır. Bu da Azərbaycan və Türkiyə ilə sülhə nail olmaqdır. Paşinyan özü bu konstitusiyanı sülh konstitusiyası adlandırır".
Qafar Çaxmaqlı qeyd etdi ki, Paşinyan çıxışında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və bölgədə sabitliyin təmin olunmasına xüsusi önəm verdiyini də diqqətə çatdırıb:
"İndi isə söz xalqındır. Yeni konstitusiya, şübhəsiz ki, müzakirə ediləcək və müzakirələrin nəticəsində referendum təyin olunacaq. Həmin vaxt xalq da öz sözünü deyəcək. Mənim fikrim bundan ibarətdir ki, Paşinyan parlamentdə konstitusiya çoxluğunu əldə edib layihəni qəbul etdirə bilsə, gələcəkdə referendumda da bu layihəyə dəstək qazana biləcək".
NURİYYƏ













