"Simonyanın açıqlaması siyasi etirafdır" - Jalə Əliyeva
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsinin bir neçə gün ərzində imzalana biləcəyi barədə açıqlaması müəyyən mənada diqqətəlayiq siyasi etirafdır. Əslində, bu bəyanat Ermənistanın sülh prosesində qarşıya çıxan əsas maneələrdən birinin məhz öz siyasi-hüquqi sistemində olduğunu etiraf etməsidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi. O qeyd etdi ki, uzun illər ərzində Ermənistanın siyasi dairələri regionda münaqişənin davam etməsinə zəmin yaradan iddialardan imtina etmək istəməyib, revanşist yanaşmaları müxtəlif formalarda qoruyub saxlayıblar:
"Bu gün isə reallıq tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni geosiyasi reallıq yaradıb. Ermənistan da gec-tez bu reallığı qəbul etməyin alternativinin olmadığını anlamalıdır. Bununla belə, Simonyanın açıqlamasını yaxın günlərdə sülh müqaviləsinin mütləq imzalanacağına dair konkret proqnoz kimi qiymətləndirmək doğru olmazdı. Çünki Konstitusiyaya dəyişiklik sadəcə siyasi bəyanatla həll edilən məsələ deyil. Bunun üçün hüquqi prosedurlar, ictimai-siyasi müzakirələr və referendum mərhələsi tələb olunur. Deməli, müqavilənin imzalanması üçün real imkan yaransa da, yaxın günlərdə bu nəticənin əldə olunması hələlik inandırıcı görünmür".
Millət vəkili qeyd etdi ki, burada başqa bir mühüm məqam da var:
"Ermənistan sülhü yalnız Azərbaycanın gözləntilərini nəzərə almaq kimi təqdim etməməlidir. Sülh ilk növbədə qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından birdəfəlik imtina, sərhədlərin toxunulmazlığının tanınması və beynəlxalq öhdəliklərə sadiqlik deməkdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi şərh edilə bilən müddəaların aradan qaldırılması bu baxımdan prinsipial əhəmiyyət daşıyır. Azərbaycan isə bütün bu prosesdə nümayiş etdirdiyi siyasi iradə, prinsipial mövqe və konstruktiv yanaşma ilə sülhün əsas tərəfdarı olduğunu dəfələrlə təsdiqləyib".
O əlavə etdi ki, rəsmi Bakı üçün sülh sadəcə sənədin imzalanması deyil, regionda uzunmüddətli təhlükəsizliyin, sabitliyin və iqtisadi əməkdaşlığın təmin edilməsidir:
"Azərbaycanın Ermənistana öz ərazisi vasitəsilə yük daşımalarına şərait yaratması da bu yanaşmanın praktik nümunəsidir. Noyabrın 13-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli idi".
Jalə Əliyevanın fikrincə, hazırda sülh müqaviləsinin imzalanması üçün əsas siyasi şərtlər formalaşmaqdadır.
Lakin bu prosesin taleyi Ermənistan rəhbərliyinin nə dərəcədə ardıcıl və cəsarətli qərarlar qəbul etməsindən asılı olacaq. Ermənistan cəmiyyəti anlamalıdır ki, gələcəyini keçmişin ərazi iddiaları, revanşist çağırışlar və xarici qüvvələrin geosiyasi maraqları üzərində qurmaq mümkün deyil. Azərbaycan öz mövqeyini ortaya qoyub. İndi növbə Ermənistanındır. Əgər İrəvan həqiqətən sülh istəyirsə, bunu yalnız bəyanatlarla deyil, konkret hüquqi və siyasi addımlarla sübut etməlidir. Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, suverenliyə hörmətə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan yeni münasibətlər sistemindədir", – deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI













