Ermənistan tarixi iddialardan əl çəkir? - Yeni Konstitusiya layihəsində diqqətçəkən dəyişiklik
"Paşinyanın yeni Konstitusiya layihəsini ictimai müzakirəyə təqdim etməsi Cənubi Qafqazda sülh prosesinin gələcəyi baxımından mühüm hadisədir. Bizim üçün sənədin ən diqqətçəkən xüsusiyyəti isə, şübhəsiz ki, Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyanın preambulasından çıxarılmasıdır".
Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi.
Onun sözlərinə görə, bu dəyişiklik ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərində uzun müddətdir müzakirə olunan hüquqi-siyasi ziddiyyətin aradan qaldırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilə bilər:
"Müstəqillik Bəyannaməsində 1989-cu ildə Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərara istinadın olması bizim tərəfimizdən haqlı olaraq Azərbaycana qarşı ərazi iddialarının konstitusion əsaslarından biri kimi qəbul edilir. Bu baxımdan, həmin sənədə istinadın yeni Konstitusiyada saxlanılmaması Ermənistanın gələcək dövlətçilik konsepsiyasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müəyyənləşdirilməsi baxımından müsbət siyasi mesajdır. Yeni preambulada müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bunu beynəlxalq səviyyədə tanınmış ərazi daxilində həyata keçirmək məqsədinin vurğulanması da bu yanaşmanı gücləndirir. Bu dəyişiklik Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün mövcud olan əsas siyasi-hüquqi maneələrdən birinin aradan qaldırılmasına imkan yarada bilər. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişinin artıq formal imzalanması və sonrakı ratifikasiya mərhələsinə keçid baxımından yeni Konstitusiya mühüm əhəmiyyət daşıyır".
.jpg)
Bağırzadə məsələnin digər mühüm tərəfinin bu islahatın Ermənistanın öz milli maraqları baxımından da əhəmiyyət daşıması olduğunu vurğuladı.
"Çünki uzunmüddətli perspektivdə qonşularla ərazi mübahisələrini davam etdirmək, tarixi iddiaları müasir dövlət siyasətinin əsas elementinə çevirmək Ermənistanın iqtisadi inkişafı, regional əməkdaşlığı və təhlükəsizliyi üçün əlavə məhdudiyyətlər yaradır. Yeni Konstitusiyada dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinə və dinc inkişaf məqsədinə üstünlük verilməsi Ermənistanın xarici siyasətində daha praqmatik istiqamətin formalaşmasına şərait yarada bilər. Belə bir yanaşma Ermənistan üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması, regional nəqliyyat-kommunikasiya şəbəkələrinə qoşulmaq, xarici investisiyaları cəlb etmək və iqtisadi təcrid risklərini azaltmaq baxımından yeni imkanlar açır. Başqa sözlə, konstitusion dəyişiklik yalnız Azərbaycana ünvanlanan siyasi jest deyil, Ermənistanın öz gələcəyini iqtisadi inkişaf və regional inteqrasiya üzərində qurmaq cəhdi kimi də dəyərləndirilə bilər", - deyə o qeyd etdi.
Həmsöhbətimiz layihənin ictimai müzakirədən referendum mərhələsinə keçməsinin asan olmayacağını da diqqətə çatdırdı:
"Bununla belə, hakimiyyətin referendum qərarını parlamentdə qəbul etdirmək üçün kifayət qədər səsə malik olmaması da əlavə çətinlik yaradır. Üstəlik, layihədə məhkəmə sistemi, parlamentin səlahiyyətləri və vətəndaş hüquqları ilə bağlı başqa dəyişikliklər də nəzərdə tutulduğundan müzakirələr yalnız Müstəqillik Bəyannaməsi məsələsi ətrafında cəmlənməyə bilər.
Əsas məqam ondan ibarətdir ki, Ermənistanın gələcəyini tarixi münaqişələr və qarşıdurma üzərində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət, mehriban qonşuluq və regional əməkdaşlıq prinsipləri əsasında qurması ilk növbədə Ermənistan dövlətinin özünün maraqlarına xidmət edir. Azərbaycanla sülhün əldə olunması isə bu yeni yanaşmanın ən mühüm praktiki nəticələrindən biri ola bilər".
NURİYYƏ













