ABŞ nazirinin Bakı səfəri: Zəngəzur dəhlizi ilə bağlı gözləntilər - Deputat DANIŞDI

 18:44 23.11.2026     39

ABŞ-nin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri Bakı-Vaşinqton münasibətlərinin inkişafı və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda regional əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Xüsusilə TRIPP marşrutunun reallaşdırılması, Zəngəzur dəhlizinin açılması və Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafı ilə bağlı məsələlərin gündəmdə olduğu bir vaxtda bu səfərin əhəmiyyəti daha da artır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev hesab edir ki, ABŞ rəsmisinin Azərbaycana səfəri həm iki ölkə arasındakı münasibətlər, həm də regionda nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır:

"Amerika Birləşmiş Ştatlarından çox önəmli qonaq, ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin Azərbaycana səfər edib və cənab Prezident onu qəbul edib. Səfər ABŞ-Azərbaycan əlaqələri baxımından önəmlidir".

Millət vəkili bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb:

"Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması ilə Azərbaycan Cənubi Qafqazı sülh platformasına çevirib və sülh platformasına çevrilən Cənubi Qafqazda hazırda fürsət var ki, regional kommunikasiya xətlərinin inkişafı və bərqərar olması üçün iş görülsün, TRIPP marşrutu, Zəngəzur dəhlizi ilə bağlı önəmli inkişaf olsun. Beləliklə də, bu səfər həm Amerika-Azərbaycan münasibətləri baxımından, həm də TRIPP marşrutunun funksional olması baxımından önəmli səfər xarakteri daşıyır.

Bu gün biz əgər Cənubi Qafqaz və Azərbaycan üzərindən keçəcək Şərq-Qərb dəhlizi və onun çatışmayan hissəsi olan Zəngəzur koridoru, TRIPP marşrutu haqqında danışırıqsa, regionlar arasında həqiqətən də bağlantıların, iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək bu marşrut önəmlidir və beləliklə də, bu səfər, xüsusilə də son vaxtlar regionda yaranmış gərgin vəziyyətdən irəli gələrək önəmlidir. Çünki həm Rusiya-Ukrayna müharibəsinin çox güclü şəkildə eskalasiyaya doğru inkişaf etdiyi, həm də Yaxın Şərqdə vəziyyətin bir növ sakitləşmədiyini nəzərə alsaq, Amerika-Azərbaycan arasında yüksək görüşlərin keçirilməsi, həm regional, həm də qlobal məsələlərin müzakirə edilməsi önəmlidir".

Tural Gəncəliyevin fikrincə, Azərbaycan regionun əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri olduğundan, bu ölkənin iştirakı olmadan böyük regional layihələrin reallaşdırılması mümkün deyil. Deputat Şimal-Cənub və Şərq-Qərb marşrutlarının Azərbaycan ərazisində kəsişməsinə də diqqət çəkdi:

"Şimal-Cənub marşrutunun keçdiyi coğrafiya elə bir coğrafiyadır ki, burada hər iki marşrut Azərbaycan üzərində kəsişir.

Azərbaycanın iştirakı olmadan, Azərbaycanın istəyi olmadan, mövqeyi olmadan böyük layihələrin həyata keçirilməsi mümkün deyildir. Məhz bu baxımdan da, Amerika-Azərbaycan yüksək səviyyəli ikitərəfli münasibətlərinin detalları, hesab edirəm ki, Amerikanın daxili təhlükəsizlik nazirinin səfəri kontekstində müzakirə edilib və xüsusilə də bunun TRIPP marşrutu kimi önəmli marşrutun bəyan edilməsi, onun açılışının sürətləndirilməsi istiqamətində verilən xəbərlərlə üst-üstə düşməsi diqqəti cəlb edir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən