ABŞ və Britaniya ilə yaxınlaşma Azərbaycana nə qazandıracaq? - ŞƏRH
"Azərbaycanın Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə imzaladığı sənədlər ölkəmizin xarici siyasətinin böyük uğurudur və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənədlərin imzalanması Azərbaycana bir sıra istiqamətlərdə mühüm üstünlüklər və dividendlər qazandıra bilər. Hər şeydən əvvəl, bu sənədlər BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını genişləndirir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Azərbaycanın son dövrlərdə ABŞ və Böyük Britaniya ilə münasibətlərinin yaxınlaşmasından danışarkən bildirdi. Müsahibimiz əlavə etdi ki, digər mühüm istiqamət Tramp marşrutunun və Orta Dəhlizin potensialının daha da artırılmasıdır:
"Tramp marşrutunun fəaliyyətə başlaması Orta Dəhlizin imkanlarının genişlənməsinə, bu marşrut üzrə daşınan yüklərin həcminin xeyli artmasına gətirib çıxara bilər. Bu isə Azərbaycanla Avropa, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə Çin və Avropa arasında əlaqələrin inkişafına xidmət edəcək. Üçüncü əsas istiqamət isə iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasıdır. Xüsusilə bərpa olunan enerji, ümumilikdə enerji sektoru, rəqəmsal iqtisadiyyat, süni intellekt, informasiya texnologiyaları, sənaye və infrastruktur, logistika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları göz qabağındadır. Bu istiqamətlərdə, ilk növbədə, Avropa ilə əməkdaşlığın artırılması üçün də yeni perspektivlər yarana bilər".

Politoloqun sözlərinə görə, dünyada böyük siyasi və iqtisadi çəkiyə malik olan bu iki dövlət Azərbaycan dövlətçiliyinin və ölkəmizin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər:
"Çünki bu cür addımların Rusiya və İran tərəfindən kifayət qədər narahatlıqla qarşılandığı aydındır. Eyni zamanda, Rusiya əlindən gələni edir ki, bölgədəki mövqelərini itirməsin və regiondan kənarlaşdırılmasın. Azərbaycan isə açıq şəkildə bəyan edir ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə münasibətlərin yaxınlaşması nə İrana, nə də Rusiyaya qarşı yönəlib. Bu, ölkəmizin çoxvektorlu xarici siyasətinin davam etdirilməsinin göstəricisidir".
Abutalıb Səmədov qeyd etdi ki, bununla belə, müəyyən təhlükələr də mövcuddur və dövlətçiliyimiz üçün risklər hələ də qalmaqdadır:
"Həmin təhlükələrin aradan qaldırılmasında Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə imzalanmış sənədlər, eləcə də münasibətlərimizin daha da yaxınlaşması mühüm rol oynaya bilər.
Bir daha qeyd etmək lazımdır ki, bu sənədlər son illərin Azərbaycanın xarici siyasətində əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirilməlidir".
Xədicə BAXIŞLI













