Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının iclasında iştirakından DANIŞDI
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 24-də keçirilən plenar iclasında çıxış edib.
Redaktor.az xəbər verir ki, spiker əvvəlcə noyabrın 25-də qeyd olunacaq Kəlbəcər Şəhəri Günü ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Kəlbəcərin işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi və diplomatik Zəfərinin nəticəsidir. Spiker qeyd edib ki, hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.
Sahibə Qafarova daha sonra Milli Məclisin nümayəndə heyətinin noyabrın 18-dən 20-dək Türkmənistana işgüzar səfəri barədə məlumat verib.
O bildirib ki, səfərin məqsədi MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclaslarında iştirak etmək olub. Noyabrın 19-da keçirilən Şura iclasında gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Növbəti gün baş tutan plenar iclasda isə birgə təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Spiker çıxışı zamanı Milli Məclisin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Humanitar əlaqələrin inkişafına toxunan Sahibə Qafarova ötən il Laçın şəhərində MDB-nin Mədəniyyət Paytaxtı ilinin təntənəli açılışı çərçivəsində genişmiqyaslı tədbirlərin keçirildiyini xatırladıb. O, həmçinin II MDB Oyunlarının Azərbaycanın 7 şəhərində təşkil olunduğunu vurğulayıb.
Milli Məclis deputatlarının Assambleyanın seçkiləri müşahidə missiyalarında mütəmadi iştirak etdiyini bildirən spiker nümayəndə heyətinin üzvlərinin qurumun komissiyalarının iclaslarında da fəal iştirak etdiklərini qeyd edib.
Sahibə Qafarova səfər çərçivəsində Türkmənistan xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən görüşə də toxunub.
O bildirib ki, görüşdə Assambleyanın parlamentlər arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub.
Spiker, həmçinin Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə nümayəndə heyətinin görüşü barədə məlumat verib. Görüşdə Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri nəticəsində ardıcıl inkişaf etdiyi vurğulanıb.
Tərəflər parlamentlərin dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirilən görüşdən də danışıb. Bildirib ki, görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı əlaqələr diqqət mərkəzində olub.
Bununla yanaşı, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Türkmənistana işgüzar səfəri uğurlu qiymətləndirib və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
NURİYYƏ













