"ABŞ Azərbaycanın dəstəyi ilə regionda formalaşan düzəni dəstəkləyir" - Deputat
"ABŞ-nin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri Azərbaycan və Amerika münasibətlərinin inkişafı baxımından vacib bir səfərdir. Çünki nəticə etibarilə bu, həm də Amerika Birləşmiş Ştatlarının mövqeyinin Azərbaycana çatdırılması və yüksək səviyyədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirə olunması anlamına gəlir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov dedi.
Millət vəkili müzakirə olunan məsələlərə də toxundu.
"Təbii ki, müzakirə edilən əsas məsələlər regional təhlükəsizlik, burada ABŞ-nin rolu və eləcə də Zəngəzur dəhlizinin bir elementi olan TRIPP yolunun reallaşması ilə bağlıdır. TRIPP yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat bağlantısını reallaşdıracaq bir yol deyil, həm də bütövlükdə regionun inkişafına xüsusi töhfə verəcək bir layihədir və ABŞ-nin naziri tərəfindən də bu xüsusilə vurğulanıb", - deyə o bildirdi.

Millət vəkilinin sözlərinə görə, son səfər və müzakirə edilən məsələlər göstərir ki, ABŞ Azərbaycanın dəstəyi ilə regionda formalaşan düzəni dəstəkləyir və mövcud düzən həm də regionun inkişafı baxımından vacib imkanlar yaradır.
Vüqar Bayramov Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı addımlardan da danışdı:
"Azərbaycan sülh gündəliyinə sadiqdir, Ermənistanla xarici ticarət əlaqələrini bərpa edir. Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərlə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu, ondan xəbər verir ki, Azərbaycan regionda sülh və əməkdaşlığa töhfə verir, təbii ki, bu töhfə də aparıcı dövlətlər, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən xüsusi qiymətləndirilir".
Aytəkin TOFİQQIZI













