Nüvə başlıqlı peyk qlobal rabitəni iflic edə bilər - Ekspertdən XƏBƏRDARLIQ
"Rusiya bir çox müqavilələri pozduğu kimi, 1967-ci ildə imzaladığı Kosmos haqqında Müqavilənin şərtlərini də bu dəfə kobud şəkildə pozmağa hazırlaşır. 2022-ci ildə Rusiya 2553 peykini orbitə buraxanda əvvəlcə bu xəbəri təkzib etmiş, sonradan isə bunun sınaq məqsədli fəaliyyət olduğunu bildirmişdi".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qərb kəşfiyyat orqanlarının Rusiyanın nüvə başlığı daşıya bilən peyki kosmosa buraxmağa hazırlaşdığı barədə məlumatlardan danışarkən bildirdi.
Onun sözlərinə görə, bu dəfə isə həmin proqramın davamı olaraq Rusiyanın ilin sonuna qədər nüvə başlıqlı peyki kosmosa buraxmağa hazırlaşdığı bildirilir:
"Təbii ki, Kreml əvvəl olduğu kimi, bu xəbəri də təkzib edir. Lakin görünən odur ki, Rusiya bu silahı orbitdə yerləşdirməklə orada mövcud olan peykləri sıradan çıxarmağı məqsəd qoyur".
Müsahibimiz qeyd etdi ki, Qərb ölkələrinin peyklərinin sıradan çıxarılması qlobal miqyasda GPS sisteminin fəaliyyətinin dayanmasına, bank əməliyyatlarının, internetin və rabitənin pozulmasına səbəb ola bilər:
"Bu məsələyə Rusiyanın gələcək döyüş əməliyyatlarına hazırlıq fəaliyyətlərinin tərkib hissəsi kimi baxılmalıdır. Bu, Rusiyanın rəqiblərinin texnoloji üstünlüyünü azaltmaq məqsədi daşıyır. Təbii ki, belə addımlara qarşı NATO ölkələri də müəyyən tədbirlər görməlidirlər. Lakin indiki vəziyyətdə ABŞ və Çin istisna olmaqla, digər Qərb ölkələrinin real potensialı Rusiyaya qarşı kosmosda effektiv addımlar atmağa imkan vermir".
Xədicə BAXIŞLI













