Azərbaycan, Gürcüstan və Türkiyə arasında yeni görüş keçiriləcək - Nazir

 18:40 24.11.2026     105

“İkitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Gürcüstanın iştirakı ilə üçtərəfli formatlar da mövcuddur. Həmin formatlar çərçivəsində daha geniş coğrafi arealı əhatə edən məsələlərin müzakirəsi həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu noyabrın 24-də Xarici İşlər Nazirliyinin inzibati binasında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransı keçirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dedi.

Nazir bu formatların fəaliyyətini çox mühüm hesab etdiyini vurğuladı:

“Onlardan biri Azərbaycan-Gürcüstan-Türkiyə formatıdır. Bu çərçivədə üç ölkənin xarici işlər nazirləri mütəmadi olaraq üçtərəfli formatda görüşlər keçirirlər. Son görüş Türkiyənin İstanbul şəhərində təşkil edilib. Növbəti görüşün Gürcüstanda keçirilməsi nəzərdə tutulur. Qeyd etdiyim kimi, üçtərəfli format Azərbaycan və Gürcüstan üçün təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır və fəaliyyətini davam etdirir”.

C.Bayramov Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrə də toxundu. O, qarşılıqlı ticarət dövriyyəsinin ötən ilin göstəricilərini artıq üstələdiyini diqqətə çatdırdı:

“Bu gün apardığımız müzakirələr çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələr və əməkdaşlıq imkanları da nəzərdən keçirildi. Ticarət əlaqələrinin inkişafı xüsusi məmnunluqla qeyd edildi. Bildirildi ki, qarşılıqlı ticarət dövriyyəsi ötən ilin göstəricilərini artıq üstələyib”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən