"Bölgələrdən bu qədər axın yaxşı bir şey vəd eləmir" - Deputat
Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib ki, insanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil. O vurğulayıb ki, kənd sakini işıq, qaz və suya görə şəhər sakini ilə eyni yükü daşımamalıdır.
Millət vəkili Fazil Mustafa həmkarının çıxışını Redaktor.az-a şərh edərkən bildirdi ki, səslənən fikirlər düzgündür:
"Əgər biz istəyiriksə ki, rayonlara, kəndlərə dönüş baş versin, orada sosial şərtləri yaxşılaşdırmalı və iş təminatını həyata keçirməliyik. Eyni zamanda burada məhz insanlar üçün işıq, qaz və başqa problemlər həllini tam yüksək səviyyədə tapmalıdır ki, regionda müəyyən sabit iş yerləri fəaliyyət göstərə bilsin. Bir çox hallarda stimullaşdırıcı addımların da atılması vacibdir. Amma kənddən Bakıya bu qədər axının səbəblərini də, sosioloji araşdırmasını da aparmaq lazımdır ki, spesifik hansı rayonlarda həll olunmalı problemlər var, harada qanunda boşluqlar var, bunlar da öz həllini tapmalıdır ki, insanlar öz doğma ocaqlarına qayıda bilsinlər, orada daha aktiv vətəndaş kimi fəaliyyət göstərsinlər".
Müsahibimiz qeyd etdi ki, şəhərdə işsiz və əlavə bir yük kimi görünmək yerinə, rayonda canlı və imkanlı insana çevrilmə şansını insanlara biz bəxş etməliyik:
"Çünki bölgələrdən bu qədər axın yaxşı bir şey vəd eləmir və bölgələr boşalır. Biz çalışmalıyıq ki, bunun qarşısını alaq və insanlar öz doğulduqları məkanda töhfə verə bilsinlər. Bu isə həm iqtisadiyyatımızın inkişafına səbəb ola bilər, həm də bir demoqrafik siyasət və təhlükəsizlik baxımından önəmli məsələləri özü ilə ortaya qoya bilər. Biz çalışmalıyıq ki, bu istiqamətdə stimullaşdırıcı addımları gücləndirək".
Aytəkin TOFİQQIZI













