Azərbaycan və Litva XİN rəhbərləri görüşdü - FOTO - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə geniş tərkibdə görüş keçirib.
Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Nazirlər siyasi dialoq və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Yüksək səviyyəli təmasların, o cümlədən Azərbaycan və Litva prezidentlərinin Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində son görüşünün əlaqələrin inkişafındakı rolu qeyd edilib.
Görüşdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, enerji, sənaye, İKT, rəqəmsal hökumət, kibertəhlükəsizlik və innovasiya əməkdaşlıq üçün perspektivli sahələr kimi qeyd olunub.
Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında fəaliyyətinin genişləndirilməsi imkanları da müzakirə edilib.
Tərəflər humanitar, təhsil və mədəni əlaqələri, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin rolunu, turizm və insanlararası təmasların genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi ilə bağlı perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan normallaşma prosesi, postmünaqişə reallıqları, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və yaşayış məntəqələrinin bərpası barədə qarşı tərəfə məlumat verib.
***
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan litvalı həmkarı Kestutis Budrisi qarşılayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.


















