Ceyhun Bayramov TRIPP marşrutu ilə bağlı mühüm məqamı AÇIQLADI

 13:31 25.11.2026     49

“Ötən il ölkəmizə məhz Litvadan 3000-dən artıq turist səfər etmişdi. Hesab edirik ki, birbaşa uçuşlar mövzusunun da gündəmdə saxlanılması bu münasibətlərin, bu əlaqələrin gələcəkdə inkişafına əlavə təkan verə bilər”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında dedi.

Nazir Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri, bu əlaqələrin inkişaf trayektoriyası və ətrafındakı kontekst, tarixi Vaşinqton sammitindən sonra baş verən inkişaflar, eləcə də sovet dövründən bəri davam edən proseslər barədə ətraflı məlumat verdi.

Ceyhun Bayramov vurğuladı ki, ötən ildən başlayaraq tranzit yüklərin Ermənistana və Ermənistandan Azərbaycan ərazisi üzərindən daşınmasına başlanılıb. Həmçinin ötən ilin dekabrından etibarən Azərbaycan tərəfindən Ermənistana bir sıra məhsullar, o cümlədən neft məhsulları ixrac edilir.

Nazir qeyd etdi ki, hazırda kommunikasiyaların açılması istiqamətində iki ölkə arasında danışıqlar aparılır, rəsmi nümayəndə heyətləri və dövlət qurumları arasında təmaslar intensivləşir. Eyni zamanda, müxtəlif nümayəndələr arasında etimad quruculuğu tədbirləri artır və sülh prosesinin möhkəmlənməsinə xidmət edən digər addımlar atılır.

O, son illərdə baş verən yeni inkişaflar, Ermənistanda yeni konstitusiya layihəsinin dərc edilməsi, TRIPP marşrutu üzrə real fəaliyyətə başlanılması və bir sıra digər məsələlər barədə də fikir mübadiləsi apardıqlarını bildirdi.

Ceyhun Bayramov vurğuladı ki, tərəflər daha geniş coğrafiyada baş verən prosesləri də müzakirə ediblər.

“Təəssüf ki, geniş coğrafiyada baş verən prosesləri müzakirə edərkən hər zaman müsbət inkişaflarla rastlaşmırıq. Burada çox ciddi narahatlıq doğuran məqamlar mövcuddur. O cümlədən Rusiya-Ukrayna arasında davam edən müharibə və bunun böyük region üçün yaratdığı çoxsaylı risk faktorları, ilk növbədə, bu iki ölkənin özünə, eləcə də daha geniş coğrafiyaya mənfi təsirləri, eyni zamanda, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və davam etməsi, İran ətrafındakı vəziyyətin tam sabitləşməməsi və mövcud risk faktorları, təbii ki, ciddi narahatlıq doğuran məqamlar sırasındadır”, – deyə nazir bildirdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən