İlham Əliyev-Maka Boçorişvili görüşündən hansı mesajlar verildi? Deputat AÇIQLADI

 11:32 26.11.2026     83

Xəbər verdiyimiz kimi, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanda rəsmi səfərdə olub. Gürcü nazir Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşərək danışıqlar aparıb. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Maka Boçorişvilinin Azərbaycana səfəri hazırda həm Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərində, həm də bütövlükdə regional kontekstdə yeni kommunikasiya və logistika layihələrinin icrasına başlanıldığı bir dövrə təsadüf edir və ona görə də səfərin strateji əhəmiyyəti bir qədər də artır.

Millət vəkili vurğuladı ki, bu günlərdə TRIPP marşrutunun praktiki icra mərhələsi başlanıb:

"Eyni zamanda, Ermənistanda yeni referendum layihəsi cəmiyyətə təqdim olunub və Amerika rəsmilərinin Azərbaycana səfəri, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın TRIPP marşrutunun icra mərhələsinə başlaması ilə bağlı təbrikləri bütövlükdə Cənubi Qafqaz regionunda son iki ildə Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi mərhələsinin başlanğıcına işarə edir.

Şübhəsiz ki, bu günə qədər Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə əsas tranzit ölkəsi kimi Gürcüstan çıxış edirdi və bu, istisnasız olaraq bütün marşrutlara – həm neft, həm qaz, həm dəmir yolu kommunikasiyalarına aiddir. Yeni reallıqlarda isə yeni imkanlar yaranır".

Onun sözlərinə görə, bu səfərdə Azərbaycan Prezidentinin Gürcüstan və Azərbaycan xalqlarını əbədi dost adlandırması Gürcüstan-Azərbaycan münasibətlərinin tarixi, mənəvi tərəflərinin qiymətləndirilməsidir:

"Yəni biz Gürcüstan-Azərbaycan münasibətlərinə sadiqliyimizi və bu vaxta qədər bu münasibətlərin hər iki ölkəyə gətirdiyi dividendləri yüksək qiymətləndiririk və yeni regional kommunikasiyalar, marşrutlar dəyişsə də, bu dostluq, bu münasibətlər dəyişməyəcəkdir. Verilən mesaj bundan ibarət idi. Həm də yeni reallığın yenidən qiymətləndirilməsini buraya aid edə bilərik. Çünki artıq biz bir neçə ildən sonra elə bir mərhələyə qədəm qoyacağıq ki, istər yükdaşımalar, istər logistika, istər yaşıl enerji tranziti və bunların ətrafında formalaşan yeni infrastruktur sadəcə iki ölkə arasında münasibətlər çərçivəsində deyil, həm də bütövlükdə daha geniş regional münasibətlər sistemi çərçivəsində qiymətləndirilməlidir. Buna görə düşünürəm ki, bu istiqamətdə tərəflər bir daha öz mövqelərini dəqiqləşdirdilər və yeni reallıqda yeni münasibətlərin əsaslarını, istiqamətlərini yenidən razılaşdırmış oldular".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən