Tramp TRIPP üzrə tikinti işlərinin başlanmasını ALQIŞLADI
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirəcək Ermənistanın “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə tikinti işlərinin başlanmasını alqışlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Examiner” nəşrində yer alan məqalədə deyilir.
Qeyd olunur ki, Tramp videomüraciətində Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh yolunu seçdiyinə və Azərbaycanla uzunmüddətli münaqişənin başa çatdırılması istiqamətində əməkdaşlığına görə təbrik edib.
“TRIPP layihəsinin və yeni TRIPP Development Company şirkətinin fəaliyyətə başlaması ilə irəliləyişimizi davam etdiririk. ABŞ ilə Ermənistan arasında bu tərəfdaşlıq regionda malların, enerjinin və insanların hərəkəti üçün yeni ticarət marşrutları yaradacaq. Biz bu layihənin böyük uğur qazanmasını təmin etməyə sadiqik”, – Tramp bildirib.
Nəşrin məlumatına görə, layihə üzrə ilkin tikinti işlərinə bu həftə başlanılıb. Ermənistan televiziyasında yayımlanan kadrlarda tikinti texnikasının marşrutun bir hissəsini təşkil edəcək sovet dövründən qalma tunelin ətrafında təmizləmə işlərinə başladığı əks olunub.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirməklə yanaşı, Ermənistan, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişlənməsini nəzərdə tutur: "TRIPP Ermənistan, Türkiyə, Azərbaycan və ABŞ üçün mühüm quru ticarət marşrutu rolunu oynayacaq. Bu marşrut Türkiyəni İranın düşmən münasibəti və Rusiyanın qeyri-müəyyən mövqeyi ilə üzləşmədən, etibarlı ticarət yolu vasitəsilə daha geniş türk dünyası ilə birləşdirəcək", - məqalədə deyilir.
“The Washington Examiner” yazır ki, layihə ABŞ-nin regionda iqtisadi və siyasi mövqelərini gücləndirə, Ermənistan və Azərbaycanla tərəfdaşlığını dərinləşdirə bilər.
Nəşr, həmçinin marşrutun İranın narazılığına səbəb olduğunu qeyd edir. İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Moxber layihə ilə bağlı xəbərdarlıq edərək bildirib ki, İranın regiondakı geosiyasi maraqlarının kənardan keçilməsinə imkan verilməyəcək.













