Avropadan Azərbaycana ardıcıl səfərlər: Məqsəd nədir? - AÇIQLAMA

 15:44 27.11.2026     49

Bu gün Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna Azərbaycana səfərə gəlib. Estoniyalı nazir Prezident İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparıb.

Qeyd edək ki, son zamanlar Azərbaycana xarici ölkələrin yüksək vəzifəli şəxslərinin ardıcıl səfərləri həyata keçirilir.

Bəs Estoniya nazirinin və digər rəsmilərin Azərbaycana səfərləri ölkəmizə nə vəd edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Estoniyanın xarici işlər nazirinin səfərini yalnız Azərbaycan-Estoniya ikitərəfli münasibətləri çərçivəsində dəyərləndirmək düzgün olmaz:

"Buna həm də Azərbaycanın Avropa ilə, Avropa İttifaqına üzv olan ölkələrlə, NATO üzvü olan ölkələrlə, o cümlədən də onlardan biri olan Estoniya ilə əməkdaşlıq çərçivəsində və əməkdaşlığın faydalı nəticələr doğurması istiqamətində baxmaq lazımdır. Estoniya rəqəmsal fəaliyyətlərin həyata keçirilməsi baxımından Avropanın öndə olan ölkələrindən biridir. Onun bu təcrübəsi Azərbaycan üçün də yaxşı bir nümunə ola bilər. Estoniyanın bu təcrübəsinin Azərbaycanda tətbiq olunması, öyrənilməsi çox faydalı ola bilər".

Müsahibimiz hesab edir ki, bu səfər və səfər zamanı müzakirə olunan məsələlər iki ölkə arasında siyasi, iqtisadi və digər istiqamətlərdə münasibətlərin daha da inkişafına zəmin yarada bilər.

"Son bir neçə gündür Avropanın müxtəlif ölkələrinin nazirləri, nümayəndələri Azərbaycana səfərlər ediblər. ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin də səfəri və Prezidentlə görüşü çox önəmli idi. Bu, həm də Azərbaycanın müstəqil xarici siyasət kursunun göstəricisidir. Azərbaycanın qurduğu əlaqələr dünyanın müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və balanslaşdırılmış əlaqələrdir. Estoniya ilə də bu istiqamətdə əməkdaşlıq, hesab edirəm ki, faydalıdır. Bu əməkdaşlığın inkişaf etdirilməsi gələcəkdə daha faydalı məqamların, nəticələrin ortaya çıxmasına da gətirib çıxaracaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən