“Paşinyanın sülhün memarı kimi təqdim olunmasının əsası yoxdur” - Deputat
"Ermənistan baş nazirinin Qarabağı özləri tərk edən soydaşlarının yeni biometrik pasportlarında doğum yerlərinin beynəlxalq qurumların tələbinə uyğun olaraq Azərbaycan göstərilməsinin onda vicdan əzabı yaratdığı haqda dünənki açıqlaması bir daha təsdiqləyir ki, bu adam ölkəsindəki açıq revanşistlərdən çox da fərqlənmir. Yəni onun Qafqazdakı sülhün memarlarından biri kimi təqdim olunmasının heç bir əsası yoxdur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev feysbuk hesabında yazıb.
Millət vəkili vurğulayıb ki, bizim regionda sülhün bir memarı var, o da Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.
"Əgər regiondakı sülh quruculuğunu hansısa obyektin tikintisinə bənzətsək, Ermənistanın Baş naziri Nikol Paşinyan ən yaxşı halda burada palçıq daşıyan, hətta daşıyan da yox, daşıtdırılan qara fəhlədir. Onun sülh quruculuğunda niyə yer aldığı haqda dediklərindən də bu, açıq-aydın sezilir: “Söhbət siyasi seçimdən gedir: ya “Yerablur” genişlənməlidir, ya da biz paraflanmış sülh sazişinin prinsipləri çərçivəsində qalmalıyıq. Bu, çox sadə bir siyasi seçimdir”.
Bəli, Paşinyan həm də “Yerablur”un, yəni məhv edilmiş “zinvor”larının basdırıldıqları qəbiristanlığın genişlənməməsi üçün sülhə razı oldu. Amma əsas səbəb bu deyildir. Sülh olmasa, “Yerablur” genişləndiyi halda onun “Real Ermənistan”ı da kiçiləcəkdi".
O bildirib ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur:
"Amma Ermənistanın real ərazisi heç də təqdim edildiyi kimi 29,743 kv. km deyil, 9, uzağı 10 min kvadrat kilometrdir. Yəni Paşinyanın “Real Ermənistan”ı da əslində “Böyük Ermənistan” kimi mifdir.
Qarabağda doğulan nankor soydaşlarının pasportlarında doğum yerlərinin Azərbaycan göstərilməsindən vicdan əzabı çəkən Ermənistan baş naziri bunu deyərkən özünün “real” olaraq sırımağa çalışdığının reallığı nə dərəcədə əks etdirdiyini də unutmamalıdır".
Aytəkin TOFİQQIZI













