“Ermənistan rəsmisinin Gəncə, Tovuz və Qazaxda gəzməsi mühüm hadisə olacaq” - AÇIQLAMA
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycana edəcəyi səfər cavab xarakteri daşıyır. Bundan əvvəl Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında Ermənistanda səfərdə olmuşdu. O, artıq delimitasiya olunmuş ərazidən keçərək Tovuz və Qazax istiqamətindən Dilican şəhərinə gəlmişdi. Orada da müəyyən görüşlər və danışıqlar baş tutmuşdu”.
Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov danışdı.
Onun fikrincə, Alen Simonyan cavab olaraq Azərbaycana gəlmək istəyir:
“O da Bakıya deyil, Azərbaycanın digər bölgələrinə səfər etmək niyyətindədir. Bu, Gəncə, Tovuz, Qazax və ya başqa bir yer ola bilər. Tamamilə mümkündür ki, yenə də delimitasiya işlərinin başa çatdığı sərhəd ərazisindən keçərək yaxın ərazidə görüşlər keçirilsin. Eyni zamanda, Tovuz və Qazax istiqamətindən keçərək həm həmin bölgələrdə, həm də Gəncədə müəyyən görüşlərin və danışıqların keçirilməsi mümkündür.
Bu danışıqlar, təbii ki, daha çox texniki məsələlərə həsr olunacaq. Bu, cavab səfəridir. Ermənistanın yüksək vəzifəli rəsmisinin Azərbaycana gəlməsi, onun azərbaycanlı rəsmilərlə birlikdə Gəncədə, Tovuzda və ya Qazaxda gəzməsi münasibətlərimizin xeyli yaxşılaşdığının göstəricisidir. Bu, iki dövlət arasında gərginliyin və düşmənçiliyin azalmasını nümayiş etdirir”.

Siyasi şərhçi bildirdi ki, bu cür səfərlər sülhə xidmət edir:
“Hikmət Hacıyevin səfəri münasibətlərin daha da yaxşılaşdığını ermənilərə birbaşa nümayiş etdirmişdisə, eyni xarakterli Alen Simonyanın Azərbaycana səfəri də müharibənin yaralarına şahid olmuş Tovuz və Qazax bölgələrində, eləcə də Gədəbəydə yaşayan insanlara aydın mesaj verəcək ki, artıq ermənilərlə azərbaycanlılar arasında düşmənçilik dövrü arxada qalıb və münasibətlərin yaxşılaşması prosesi dönmədən irəliləyir.
Bunun nümunəsi olaraq Azərbaycanın yüksək vəzifəli şəxsi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi vaxtilə müharibənin getdiyi Azərbaycan rayonunda rahat şəkildə gəzə, söhbət edə biləcəklər. Hesab edirəm ki, bu, kifayət qədər mühüm hadisədir”, – deyə həmsöhbətimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













