Ermənistan rəsmisinin Bakıya səfəri hansı məsələləri gündəmə gətirəcək? - AÇIQLAMA

 22:27 27.11.2026     39

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycana səfər etməsinə dair məlumatlar var. Böyük ehtimalla, bu səfər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu ilin yayında Ermənistana səfərindən sonra qarşılıqlı səfər kimi razılaşdırılıb. Azərbaycan tərəfi artıq belə bir səfər edib, indi isə Ermənistan tərəfi yüksək vəzifəli məmur səviyyəsində buna cavab verir".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi. Onun fikrincə, bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması, bölgədə etimad mühitinin yaradılması və müəyyən məsələlərin yalnız ən yüksək səviyyədə deyil, müxtəlif səviyyələrdə də müzakirəsinin davam etdirilməsi baxımından qiymətləndirilməlidir:

"Əsas məsələ ondan ibarətdir ki, tərəflər müxtəlif səviyyələrdə görüşlər keçirməklə iki dövlət arasında formalaşmağa başlayan etimad mühitini tədricən dərinləşdirməyə çalışırlar".

Siyasi şərhçi qeyd etdi ki, bu gün görüş təşkilatlarının təmsilçiləri arasında keçirilən görüşlərdə də önəmli nüanslar var idi. Onun sözlərinə görə, eyni zamanda müzakirə tələb edən müəyyən məsələlər də var:

"Məsələn, sərhədlərin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslər və onların dəfn olunduğu yerlərlə bağlı məsələlər, həmçinin ticarət-iqtisadi əlaqələrin inkişafı, birgə layihələr, o cümlədən Orta Dəhlizin çəkilişi ilə bağlı yaranan vəziyyət və digər məsələlər müzakirə mövzusudur. Bütün hallarda istiqamət sülhə doğrudur. Təbii ki, sülh sazişinin imzalanması üçün əvvəlki razılaşmaların, yəni ilkin şərtlərin reallaşdırılması ilə bağlı məsələlər də var. Ermənistan artıq konstitusiya layihəsini müzakirəyə çıxarıb, lakin erməni cəmiyyəti bunu birmənalı qarşılamır. İndi bu istiqamətdə hansı addımların atılacağı, nələrin planlaşdırıldığı və digər məsələlər də müzakirə olunmalıdır".

Ə.Mustafa hesab edir ki, bu səfərin baş tutması qarşılıqlı etimadın yaradılmasına və imzalanması gözlənilən sülh sazişinə hazırlıq mərhələsi kimi qəbul olunmalıdır:

"Hər halda, əlaqələr yaxınlaşır, yeni təmaslar yaranır. Bu, təbii və normal prosesdir. Onsuz da siyasi iradə bölgədə əməkdaşlıq və sülh mühitinin formalaşmasına yönəlib. Bu prosesin əvvəlində belə görüşlərin keçirilməsi və anlaşmaların əldə olunması, təbii ki, başadüşüləndir. Deməli, bu addım Cənubi Qafqazda sülh mühitinin yaranması baxımından faydalı addım kimi qiymətləndirilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən