"Moskva göz yaşlarına inanmır" Brejnev doktrinası hansı zərurətdən yarandı?

 13:15 06.04.2019     557

Vaxtilə sovetlər birliyində təmsil olunan dövlətlərin xarici siyasətində Qərbə yönəlmələr Moskvanı qorxudur.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Eldar Namazov deyib. O bildirib ki, vaxtilə sovetlər birliyində Brejnev doktrinası adlanan yanaşma var idi:

“Brejnev 1964-cü ildə hakimiyyətə gələndən sonra kommunist partiyasının qurultaylarından birində bu yanaşma rəsmi olaraq qəbul edildi. Doğrudur, bundan əvvəl də həmin yanaşmanın tətbiqini görmüşdük. (1956-cı ildə Macarıstanda baş verən hadisələr zamanı) Bu sənədə əsasən Sovetlər Birliyi ilə bir blokda olan, Varşava Paktına daxil olan ölkələrdən birində sovet modelinə daxildən təhlükə yaranarsa və həmin ölkə öz xarici siyasətini dəyişib bu blokdan çıxmaq haqqında düşünməyə başlayarsa, başqa ölkələrin birləşib həmin ölkənin daxili işlərinə müdaxilə etmək hüququ var idi. Bu yanaşma 1956-cı ildə Macarıstanda, 1968-1969-cu illərdə Çexiyada, daha sonra Polşada tətbiq olundu. Ukraynada baş verən hadisələrin də kökündə elə bu yanaşma dururdu. Faktiki olaraq, Sovetlər birliyində axırıncı bu cür cəhd 1990-cı il yanvarın 20-də Azərbaycana qarşı törədildi. 20 yanvar əməliyyatına rəhbərlik edən SSRİ-nin Müdafiə naziri Yazov həmin hadisələrdən sonra “Komsomolskiy Pravda” qəzetinə böyük bir müsahibə vermişdi. Yazov diplomat olmadığına görə, çox açıq və aydın şəkildə onlara Azərbaycanda xalq Cəbhəsinin strukturlarını darmadağın etməyin tapşırıldığını demişdi. Bu, faktiki olaraq, Yazovun özü tərəfindən etiraf edilmişdi”.

E.Namazov vurğulayıb ki, Moskva daim ətrafında olan ölkələrin xarici siyasətinin onunla razılaşdırılmış şəkildə aparılmasına çalışır:

“Hətta nəinki xarici, bir çox hallarda Moskva bu ölkələrin daxili siyasətinə də qarışır. Ölkənin daxilində də mühüm əhəmiyyət kəsb edən dövlət vəzifələrinə təyin olunan adamlar da onlarla razılaşdırılaraq vəzifəyə gətirilməsini tələb edir. Vaxtilə Saakaşvili açıq şəkildə dedi ki, Putinlə arasında ilk mübahisə, toqquşma məhz bu məsələdən sonra başlayıb. Yəni bu dərəcədə Moskva ölkələrin daxili işlərinə qarışır, hər bir ölkədə öz nümayəndələrindən vəzifələrdə kimlərinsə təmsil olunmasına çalışır. Sovetlər Birliyində bütün milli respublikalarda II katib Moskvadan təyinat alan rus olurdu. Hamı da bilirdi ki, II Katib Moskvanın faktiki olaraq, nümayəndəsidir. İndi həmin funksiyanı Moskva ilə razılaşdırılmış bəzi məmurlar həyata keçirirlər. Bunu da Rusiya bir çox MDB ölkələrində tətbiq edir”.

Azərbaycanın isə hər hansı bir ölkənin təsir dairəsində olmadığı, artıq çoxdan məlumdur. Bunu, rəsmi Bakının yürütdüyü müstəqil siyasət də açıq şəkildə ortaya qoyur. Heç bir hərbi blokun tərkibində təmsil olunmayan Azərbaycan, həm də bu baxımdan, xüsusi öhdəliklər altında deyil.

Firuzə / REDAKTOR.AZ