Paşinyanın müharibə çağırışının arxasında nə durur? Sabiq nazirdən AÇIQLAMA

 15:43 08.04.2019     546

Prezident İlham Əliyev ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyanın çıxışından sonra verdiyi açıqlamada müharibənin birinci mərhələsinin başa çatdığını, ikinci mərhələsinin isə hələ başlamadığını bildirdi. Prezidentin bu çıxışından sonra Müdafiə naziri Zakir Həsənov iddialı açıqlamalar verdi.

Ümumiyyətlə, Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyət yaxın gələcəkdə lokal toqquşmalara gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan ictimaiyyətində danışıqların nəticəsiz qalmasına görə narazılıq çoxalıb:

“Həmsədrlərin fəaliyyətsizliyi, fövqəl dövlətlərin lazımi səviyyədə işğalçıya təzyiq göstərməmələri bu narazılığı daha da artırır. Ona görə də, hərbi toqquşmaların reallaşmasını son hadisələr daha da yaxınlaşdırır. Danışıqların perspektivi əvvəl lap az idi, indi bu ehtimal demək olar ki, sıfır vəziyyətindədir. Digər tərəfdən Azərbaycan ictimaiyyəti artıq imitasiya xarakterli danışıqları qəbul etmir. Bu baxımdan Ermənistanın yürütdüyü siyasətin daha çox hərb variantına istiqamətləndiyini deyə bilərik. Verilən son bəyanatlar, baş verən hadisələr məhz bu tendensiyanın özündə əks etdirilməsidir. Toqquşmalar baş verərsə, bunun lokal, yoxsa daha irimiqyaslı olacağını indidən demək çətindir. Müxtəlif variantlar ola bilər. Çünki gərginlik yüksək səviyyədədir”.

T.Zülfüqarov qeyd edib ki, Ermənistanda yeni hakimiyyətə gələn  siyasi elita özündən əvvəlkilərdən heç nəyi ilə fərqlənmir.

“Azərbaycan tərəfi Ermənistanda hakimiyyətə gələn yeni iqtidarın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin müəyyənləşməsini bir ildən çoxdur gözləyirdi.  Əsas məsələ yeni iqtidarın işğal edilmiş torpaqları azad etməyə hazır olub-olmaması idi. Ancaq yeni elita əvvəlki hakimiyyət nümayəndələrindən daha sərt mövqe nümayiş etdirdi. Belə ki, onlar işğalçı siyasətlərini açıq şəkildə təbliğ edirlər”.

T.Zülfüqarov toqquşma ehtimalına Moskvanın reaksiyasının necə olacağına da münasibət bildirib:

“Birincisi, Moskva-Ermənistan əlaqələri heç də 3 il bundan əvvəl (Aprel döyüşləri) olduğu kimi deyil. Açıq deyək, Rusiya rəhbərliyinin Paşinyan adminstrasiyası ilə əlaqələri o qədər də yaxşı deyil. Buna baxmayaraq, Moskvanın bu əməliyatlara reaksiyası tənqidi olacaq. Çünki heç bir dövlət sərhədləri yaxınlığında müharibənin baş verməsini istəməz”.

T.Zülfüqarov vurğulayıb ki, Paşinyan hakimiyyətinin Qarabağ məsələsində bu cür sərt mövqe sərgiləməsinin başqa məqsədi də ola bilər:

“Yəni, bəlkə də erməni tərəfi bununla hansısa provakasiyaya əl atmaq istəyir. Hazırda Paşinyanın hakimiyyətə gəlməsinin məntiqi davamı olan ssenarinin də aparıldığını deyə bilərik. İstisna etmirəm ki, Paşinyanın və onun komandasına daxil olan digər erməni rəsmilərin bu cür sərt və müharibəyönümlü bəyanatları məhz bu ssenariyə xidmət edir. Onlar hər hansı bir şəkildə hərbi əməliyyatları bərpa etmək, Azərbaycanı provakasiyaya çəkməklə, Rusiyanı onlara dəstək verməməkdə itiham edə bilər. Rusiyanı bu zaman Azərbaycana silah satmaqda, Ermənistana dəstək verməməkdə ittiham edər və tamamilə Rusiyadan ayrılaraq Qərbə meyillənmək siyasətini əsas götürər. Paşinyan artıq başa düşür ki, onun Rusiya və Rusiyanın siyasi elitası ilə hansısa şəkildə əlaqə qurmaq cəhdi alınmır. Bu fonda dediyim ssenarini istisna etmirəm”.

Firuzə Vahid / REDAKTOR.AZ