NATO Qara dənizdə aktivləşir Rusiya Xəzərdə bu addımları atacaq

 17:35 08.04.2019     504

NATO Qara dənizdə mövqelərini gücləndirməyə çalışır. Bunun üçün əsas aktivliyini Ukrayna və Gürcüstan istiqamətində aparır.

Maraqlıdır, görəsən,Qara dənizdə NATO-nun hərbi aktivliyini artırması Rusiyanın bölgə siyasətinə necə təsir göstərəcək? Rusiya Xəzər dənizində hansı mövqe sərgiləyəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan analitik Elçin Mirzəbəyli bildirib ki, NATO Qara dəniz hövzəsində fəallığını indi artırmayıb:

“Bu fəallıq artıq uzun müddətdir nəzərə çarpır. Rusiyanın Krımı ilhaq etməsi də əslində NATO-nun genişlənməsi prosesinə qarşı atılan adekvat addım idi. Təbii ki, bu proses hər hansı bir formada beynəlxalq hüququn prinsiplərinə uyğun gəlmir. Digər tərəfdən indiki şəraitdə qüvvələr nisbəti faktiki olaraq, NATO üzvü olan ölkələrin xeyrinədir. Yalnız Ukrayna deyil, Gürcüstan da NATO ilə ciddi əməkdaşlıq edir. Bu iki ölkə faktiki olaraq, NATO-ya inteqrasiya yolunu seçib. Ukrayna və Gürcüstan da NATO-ya üzv qəbul olunarsa, bölgə bütövlükdə üzük qaşı kimi əhatə olunacaq və Rusiya bu qrupa aid olmayan yeganə ölkə kimi kifayət qədər ciddi problemlərlə üzləşəcək”.

E.Mirzəbəyli qeyd edib ki, qüvvələr nisbətini nəzərə alsaq, Rusiyanın NATO üzvü olan ölkələrə qarşı Qara dənizdə hərbi cəhətdən qorunması mümkün deyil:

“Əlbəttə ki, Rusiya müəyyən cəhdlər etməyə can atacaq. Amma bunun Rusiyanın indiki hərbi potensialına və iqtisadi gücünə nə dərəcədə cavab verəcəyini zaman göstərəcək”.

Analitik baş verən proseslər fonunda Rusiyanın Xəzər dənizində hansı mövqeni sərgiləyəcəyinə də münasibət bildirib:

“Xəzər dənizi ilə Qara dəniz faktiki olaraq qonşu ərazilərdir. Buna görə də baş verən proseslər bu və ya digər şəkildə bir-birinə təsir edə bilər. Amma Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb. Konvensiyanın əsas şərtlərindən biri də Xəzərin hərbsizləşdirilməsidir. İndiki şəraitdə müəyyənləşdirilmiş kvotalar var. Bu kvotalar çərçivəsində Rusiyanın Xəzər dənizində hər hansı addım atması mümkünsüzdür. Digər tərəfdə Xəzərsahili ölkələr faktiki olaraq Rusiya ilə dost münasibətindədir. Yalnız İran istisna olmaqla, digər bütün dövlətlər Rusiya ilə yaxından əməkdaşlıq edirlər. Bu aspektdən də Rusiyanın Xəzərdə hərbi müstəvidə aktivləşməsi üçün hər hansı əsas yoxdur. Qara dənizdə baş verən proseslər isə hərbi müstəvidə Xəzərə hər hansı bir formada təsir göstərə bilməz. Əslində Rusiyanın mövcud problemləri onun Aİ ilə sərhədlərində, Rusiyanın qərb istiqamətindədir”.

Firuzə Vahid / REDAKTOR.AZ