Paşinyan və Tonoyanın ritorikası niyə qəfil dəyişdi? TƏHLİL

 17:43 08.04.2019     405

Xəbər verdiyimiz kimi Ermənistan Müdafiə naziri David Tonoyan iki ay içərisində iki dəfə “biz daha çox torpaq işğal edə bilərik” şəklində açıqlama vermişdi.

Redaktor.az bildirir ki, bu gün isə Tonoyan fərqli çıxış edərək  “biz sülh istəyirik” ifadəsini səsləndirib.

Bəs necə oldu ki, həm Paşinyanın, həm də Tonoyanın ritorikası qəfil dəyişdi? Axı Paşinyan özü deyirdi ki, Tonoyan “müharibə” əvəzinə “sülh” desə, onu qovaram.

Atlas Araşdırmalar Mərkəzi məsələyə münasibət bildirib. Təhlildə qeyd  olunub ki, Paşinyan və onun nazirlərinin tez-tez mövqelərini dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə bağlıdır:

“Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib, keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu.

Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib: “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb”.

Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar. Ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Çalışmalarını davam etdirsinlər. Bu, bizə ziyan deyil”.

Təhlildə bildirilib ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz:

“Baş verənlər bundan xəbər verir. Hücum diplomatiyası, üstəgəl snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir”.

Təhlildə münaqişənin həlli ilə bağlı yeni ideyalar da təklif edilib:

“Məsələn Paşinyanın “formatı dəyişək” təklifi qarşılığında biz də danışıqların “2+2 modelini” irəli sürə bilərik. Yəni, rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşsünlər”.

Firuzə Vahid / REDAKTOR.AZ