ABŞ niyə SEPAH-ı terror təşkilatı siyahısına saldı? Açıqlama

 22:30 08.04.2019     392

ABŞ prezidenti Donald Tramp yeni qalmaqallı qərara imza atıb. Belə ki, Vaşinqton İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil edib.

Bu nə deməkdir?
 
Redaktor.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu qərardan sonra digər terrorçu təşkilatlara qarşı hansı addımlar atılırsa, SEPAH-a qarşı da bənzər addımlar atılacaq:
 
"SEPAH-ın müxtəlif ölkələrdəki bank hesabları nəzarətə götürüləcək. Digər tərəfdən SEPAH təmsilçiləri xarici ölkələrə səfərlərində ehtiyatlı olmalıdır, onların həbs təhlükələri artır".
 
Politoloq vurğulayıb ki, Tramp administrasiyası İranın zəifləməsini və indiki rejimin dəyişməsini istəyir:
 
"Bunun üçün sanksiyalar tətbiq edirlər. İranın əsas gücü SEPAH-dadır. Bu təşkilat dövlət içində dövlətdir, milyardlarla dollar maliyyəsi var. Ona görə də Vaşinqton İran rejimini zəiflətməyin yolunun SEPAH-ı zəiflətməkdən keçdiyini düşünür. İranın içində də SEPAH-ın zəifləməsini istəyən qüvvələr var. Bu mənada həmin qüvvələr gizli şəkildə Amerikanın yeni planından məmnundur".
 
Firuzə Vahid