Seçkilərdən sonra Türkiyəni nələr gözləyir? Dəyişikliklər olacaq / ŞƏRH

 13:22 09.04.2019     403

Türkiyənin bəzi bölgələrində səslərin yenidən sayılması prosesi hələ də davam edir.

Nəticələrin necə olacağı ilə bağlı Redaktor.az-a danışan analitik Vüqar Zifəroğlu seçkilərin nəticələrinin bütün partiyalar üçün çox böyük mesajlarla yadda qaldığını bildirib:

“Böyük şəhərlərdə CHP-nin revanşı, ümumilikdə AKP-MHP koalisiyasının qələbəsi, MHP-nin səslərini artırması, hətta bəzi seçki məntəqəsində rəqiblərin başabaş getməsi çox ciddi proseslərdən xəbər verir. Bələdiyyə seçkiləri Türkiyə üçün hər zaman prinsipial əhəmiyyətə malik olub. Ona görə də, ortada olan iddiaların doğru olub-olmamasını təyin etmək üçün bu gün Türkiyədə ciddi proses gedir. Yəni, səslərin təkrar hesablanmasına zərurət yaranarsa, yaxud ciddi mənfi məqamlar ortaya çıxarsa, bəzi məntəqələrdə seçkilərin yenidən keçirilməsi mümkündür. Bu, Türkiyə demokratiyasının əsas göstəricisi hesab oluna bilər. Digər tərəfdən növbəti 4 il yarım ərzində Türkiyədə seçki keçirilməyəcək. Bu da bələdiyyə seçkilərinin əhəmiyyətini daha da artıran məqamlardan biridir”.

Analitik İstanbuldakı seçkilərin son nəticəsi ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd edib:

“Hər halda AKP tərəfinin bu məsələnin üstünə israrla getməsi onların ümidli olduqlarının göstəricisidir. Nəticələrdə müəyyən qədər dəyişiklik ola bilər. Amma faktdır ki, CHP həm İstanbulda, həm də Ankarada kifayət qədər ciddi səs toplaya bildi. Bu səslərin toplanmasının ən vacib səbəbi Türkiyədə son 1 ildə yaşanan iqtisadi kataklimzlərdir. ABŞ-ın rahib olayından sonra iqtisadi təzyiqləri artırması, Türkiyənin Yaxın Şərq siyasətinə qarşı bu iqtisadi alətlərdən çox ciddi şəkildə istifadə etməsi müəyyən qədər orta statistik türk vətəndaşının narazılığına səbəb oldu. Bu da şübhəsiz ki, sandıqda özünü göstərdi. İqtisadi məqamlarda Türkiyə iqtidarının problemləri aradan qaldırmaqda çətinlik çəkməsi CHP-nin bu seçkilərdə bu cür nəticə göstərməsinə gərtirib çıxardı”.

Vüqar Zifəroğlu vurğulayıb ki, Türkiyədə əsas maraqlı proseslər seçkinin nəticəsi açıqlanandan sonra baş verəcək:

“Yeni siyasi partiyaların meydana çıxacağı ilə bağlı müəyyən xəbərlərin verilməsi, sağ və sol mərkəzdə yeni bir qüvvənin ortaya çıxması ilə bağlı anonslar Türkiyədə yaxın gələcəkdə çox maraqlı proseslərin şahidi olacağımızdan xəbər verir. Ən azından qarşıdan gələn parlament seçkilərinə qədər Türkiyə siyasi dairələrində çox maraqlı dəyişikliklər gözlənilir”.

Firuzə Vahid / REDAKTOR.AZ