Qarabağ ətrafında rəqabət mühiti Vasitəçilik Rusiyaya keçir?

 14:47 09.04.2019     421

Xəbər verdiyimiz kimi, Qarabağ münaqişəsinin nizamlanması üçün xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçirilməsi gözlənilir.

Nikol Paşinyan iqtidara gələndən sonra xarici işlər nazirlərinin görüşləri Qərbdə keçirilib. Prosesdə ABŞ fəallıq göstərib, Moskva kənarda qalıb. Ona görə də bu görüşün Moskvada baş tutması bir sıra sualların yaranmasına səbəb olub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli hazırda Qarabağ münaqişəsi ətrafında çox ciddi rəqabət mühitinin yarandığını bildirib.

Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşünün Rusiyanın paytaxtında keçirilməsi prosesə nəzarətin Moskvanın əlinə keçdiyini göstərir:

“ABŞ yaxşı başa düşür ki, Rusiya prosesin dondurulmuş vəziyyətdə saxlanılmasının tərəfdarıdır. Bölgədə dondurulmuş vəziyyətin qalması Rusiyanın strateji maraqlarına uyğun gəlir. ABŞ isə bu məsələnin sürətli və qətiyyətli həllinin tərəfdarıdır. ABŞ-ın bu bölgədə geostrateji maraqlarının reallaşması bütövlükdə Qarabağ probleminin həllindən keçir. Bu nöqteyi-nəzərdən görüşün Moskvada keçirilməsi rəqabətin bir əldən başqa ələ keçdiyini göstərir. Üstünlük hər zaman Rusiyanın tərəfindədir. Rusiya hər zaman hökm edən, inhisarçılıq edən tərəf kimi çıxış edir”.

Q.Hüseynli vurğulayıb ki, aparılan danışıqların nəticəsiz qalma ehtimalı yüksəkdir:

“Erməni tərəfi ya bilərəkdən, ya da bilməyərəkdən danışıqlar prosesinə etimadsızlıq nümayiş etdirir. Moskvanın birbaşa inhisarçılığı altında aparılan danışıqlar zərrə qədər də irəliləməyib. Ona görə də bu görüşdən hansısa nəticə əldə ediləcəyini gözləmirəm. Azərbaycan münaqişənin həllində hərb yolunu tuta bilər. Azərbaycan döyüş taktikasını müəyyənləşdirməli, öz torpaqlarının azad edilməsi uğrunda müharibə əməliyyatlarının ümumi mənzərəsini hazırlamalıdır”.

Politoloq qeyd edib ki, Rusiyanın bu prosesə ciddi surətdə əngəl törətməsi gözlənilir:

“Bunu müəyyən qədər kompensasiya etmək üçün Azərbaycan Avropa Birliyi (AB) ilə əməkdaşlıq sazişinin imzalanmasını tezləşdirməlidir. Hazırda Azərbaycan birtərəfli qaydada Rusiyaya meyllənmiş kimi görünür. Amma Avropaya inteqrasiya xətti yarımçıqdır. May ayından gec olmayaraq, Azərbaycan AB ilə nəzərdə tutulan sazişi imzalamalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ