Azərbaycan-NATO əməkdaşlığından narahat olan kimlərdir? AÇIQLAMALAR

 16:25 09.04.2019     408

Ötən gün bəzi KİV-də “NATO təyyarələrinin Azərbaycan səmasında uçuşlarına qadağa qoyuldu” başlıqlı xəbər yayıldı. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib etdi.

NATO-nun son aylarda Qafqazda güclənmə ehtimalını nəzərə alsaq, bunun arxasında NATO-Azərbaycan əlaqələrini istəməyən hansısa ölkələrin dayandığını deyə bilərikmi? Azərbaycana qarşı bu dezinformasiyanın yayılmasında məqsəd nə idi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Elxan Şahinoğlu bu xəbərin ilk saatdan onda şübhə yaratdığını bildirib:

“Bu məlumat ilk olaraq alman dərgisində çıxsa da, daha sonra Rusiya KİV-lərində geniş şəkildə yayıldı. Bu açıq-aşkar dezinformasiya, Azərbaycan və NATO arasındakı münasibətlərin gərginləşməsini istəyən qüvvələrin arzusu idi. Son illər NATO-Azərbaycan arasında çox sıx əməkdaşlıq formalaşıb. NATO-nun baş katibi Vaşinqtondakı çıxışında da Azərbaycanı tərifləyərək, bu əməkdaşlıqdan məmnun qaldığını bildirdi. Digər tərəfdən Stoltenberqin çıxışından məlum oldu ki, o, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən kifayət qədər məlumatlıdır və bu xəttdən istifadə edirlər. Azərbaycan NATO yüklərinin daşınmasının əleyhinə idisə, niyə bu dəmiryolu vasitəsilə Əfqanıstana daşınan yüklərə icazə verdi. Demək, Azərbaycan-NATO əməkdaşlığından narahat olan qüvvələr var”.

Politoloq informasiya məkanını bu cür dezinformasiyalardan təmizləməli olduğumuzu vurğulayıb:

“Bəzən bu cür informasiyalar şərhlərlə daha da legitimləşdirilir”.

Politoloq İlqar Vəlizadə vurğulayıb ki, NATO təyyarələri Azərbaycan ərazisindən əvvəlcədən müəyyən edilmiş qaydalarla uçur:

“Burada təkcə uçuşlar deyil, dəmiryol xəttindən istifadə edilməsi də nəzərdə tutulub. NATO-nun Əfqanıstana tranzit cədvəli var və hər şey bu cədvələ uyğun aparılır. Almaniya təyyarələrinin Azərbaycan səmasında uçması ilə bağlı qərar isə Almaniyanın uçuş parkının texniki vəziyyəti ilə bağlıdır. Bunu alman mütəxəsislərin özləri də etiraf edir. Onlar bildirir ki, 1980-ci illərin əvvəlindən bəri təyyarə parkı yenilənməyib. Hazırda bu park bərbad vəziyyətdədir. Azərbaycan öz hava məkanının təhlükəsizliyini qorumaq məqsədilə bu addımı atıb”.

Politoloq qeyd edib ki, bununla bağlı KİV-də gedən materiallara nəzər yetirsək, sifarişçiləri müəyyən etmək çətin olmaz:

““Şpigel” jurnalı bununla bağlı sensasiyalı material hazırlamaq niyyətində idi. Amma son nəticədə bu materialla onlar Almaniyanın Hərbi Hava Qüvvələrinin bərbad vəziyyətdə olduğunu dolayı yolla etiraf ediblər”.

Firuzə Vahid / REDAKTOR.AZ