Liviyanı qana bulayan Xəlifə Haftar kimdir?

 18:28 09.04.2019     1060

Liviyanın şərq əyalətlərini ələ keçirən general Xəlifə Haftar, rəhbəri olduğu “Milli ordu"ya paytaxt Tripolini ələ keçirməyi əmr edib.

Redaktor.az xəbər verir ki, Haftarın bu göstərişi paytaxtda yenidən şiddətli toqquşmalara yol açıb. Ümumilikdə 50-dən çox silahlı həlak olub.

Xəlifə Haftar kimdir?

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə şübhəli bilinən Haftar, Liviyanın keçmiş lideri Muəmmar Qəddafinin həm yüksəlişində həm də devrilməsində böyük rol oynayıb.

Liviyanın Əcdəbiyə şəhərində anadan olan Haftar, SSRİ ordusunda xidmət keçib. Daha sonra o, Qəddafinin liderliyi ilə qurulan orduya qatılıb.1969-cu ildə Qəddafinin kral İdrisi devirməsinə dəstək verib. Həmin gündən sonra Haftar, Muəmmar Qəddafinin güvəndiyi şəxs olub. 1986-cı ildə Çad ilə müharibə zamanı yerli qüvvələrə rəhbərlik edən Xəlifə 300 hərbçi ilə birlikdə əsir düşüb. Qəddafi isə əsirləri azad etmək əvəzinə Çad-la müqavilə imzalayaraq, ordunu geri çəkib. 300 hərbçinin əsir düşməsinə görə ittiham edilən Xəlifə isə “xəyanətkar” adlandırılıb. Əsirlikdən xilas olduqdan sonra o ABŞ-a sürgün edilib. Uzun illər burda yaşayan 75 yaşlı general, fəaliyyətini Qəddafini devirmək üçün planlar hazırlamağa həsr edib. 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayandan sonra vətəninə qayıdan Xəlifə, burada silahlı qüvvə toplayaraq söz sahibi olub. Qərbin gizli dəstəyi ilə neftlə zəngin şərq əyalətlərini ələ keçirən Xəlifə Haftar, ölkədə sabitliyin təkcə özü tərəfindən təmin edilə biləcəyini irəli sürür.

Anar Türkeş / Redaktor.az