1 ildə 10 ilin qazancı... İslahatlarla dolu bir il nələri vəd edir?

 11:09 11.04.2019     885

11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkilərdə Prezident İlham Əliyev seçicilərin 86,02% səsini toplayaraq qələbə qazandı.

Ölkəmiz bu bir ildə hansı uğurları qazandı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri ən yüksək pillədə kimin durmasıdır:

“Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bunu istəməyən qüvvələr, həm daxildə, həm də xaricdə fəaliyyət göstərir. Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, dünyadakı qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Bu kimi layihələrin bizim regionda keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir. Təsadüfi deyil ki, son 2 il ərzində prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələri Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, onlar buna müəssər olmadılar”.

Politoloq vurğulayıb ki, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparmaq vacibdir:

“Bu kontekstdə, planetin az qala bütün nöqtələrində ABŞ və Rusiya arasında davam edən qarşıdurmaları xüsusilə qeyd etmək lazımdır. Son zamanlar dünyadakı siyasi proseslər bütün bölgələr üçün həyəcanlı keçir. Regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan iş deyil.

ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ və s. kimi beynəlxalq aktorların və güclərin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müəssər olmayan siyasətin nəticəsidir”.

Z.Məmmədovun sözlərinə görə, hər bir dövlətin inkişafında siyasi liderin, hakimiyyətin apardığı daxili siyasət olduqca vacibdir:

“Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu il başlar-başlamaz Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Buraya idarəetmə, vergi, aqrar, sosial,məhkəmə sahələrindəki islahatları da aid edə bilərik. Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşları yararlana bildi”.

Politoloq qeyd edib ki, bu ilin fevral ayında ölkə başçısının problemli kreditlərlə bağlı fərmanı təqdirəlayiqdir:

“Problemli kreditlər illərdir vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Məsələnin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür. Bu, vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır”.

Politoloq bildirib ki, islahatların effektiv şəkildə keçirilməsi üçün vergi sahəsindəki islahalatlar da çox vacib idi:

“Əhalinin güzəranının yaxşılaşdırılması, effektiv sosial siyasət üçün vergi sahəsində şəffaflığı təmin edən islahatlara ehtiyac var idi. Bu il ərzində həllini tapan digər aktual problem milyonları narahat edən “kupça”lar məsələsi oldu. Prezidentin verdiyi mühüm qərarla çoxmənzilli binaların "kupça" probleminə son qoyuldu. Həmçinin, son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusilə vacibdir. Ölkəmiz regionun aparıcı dövləti kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla, ümumilikdə Azərbaycan vətəndaşının daha firavan yaşamasına xidmət edəcək”.

Z.Məmmədov bir-birini tamamlayan sistemli islahatların ölkəmizin gələcək inkişafı üçün qaçılmaz olduğunu da qeyd edib:

“Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin 2003-cü ildən başlayaraq daha da inkişaf etdirir. Bu illər ərzində daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Strateji siyasi xətt üzrə davam edən bu siyasət ölkəmizin sözün həqiqi mənasında tam olaraq müstəqil dövlət kimi varlığı üçün vacib idi”.

Firuzə Vahid / REDAKTOR.AZ