NATO və Rusiya qarşı-qarşıya Türkiyə QƏRARINI VERİB

 15:55 10.04.2019     520

ABŞ rəsmiləri açıqlamalarında dəfələrlə Türkiyənin S-400 zenit raket kompleksi almasının NATO-ya qarşı böyük təhlükə təşkil etdiyini bildirib. Onlar Rusiyanın S-400 Hava Hücumundan Müdafiə sistemləri vasitəsilə NATO-nun təhlükəsizliyinə müdaxilə edəcəyini iddia ediblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, S-400 zenit raket kompleksləri və F-35 döyüş təyyarələri ölkənin təhlükəsizliyinə qarant yaradacaq:

“Hər iki silah müasir tələblərə cavab verir. Türkiyənin öz arsenalına S-400 zenit raket komplekslərini daxil etməsi NATO-nun hava hücumundan müdafiə sistemi üçün hər hansı təhlükə yaratmır. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da dünənki çıxışında S-400-lərin NATO-ya və ABŞ sistemlərinə təhlükə yaratmadığını bir daha vurğuladı. Doğrudan da S-400-lərin NATO müdafiə sisteminə hər hansı şəkildə mənfi təsir göstərə biləcəyini söyləmək düzgün olmaz. Türkiyə bu silahlardan sadəcə öz ölkəsinin deyil, eyni zamanda NATO-nun da maraqları çərçivəsində istifadə edəcəyini bildirir. Amma NATO ölkələri bununla razılaşmır, Rusiyaya etibar etmir. NATO ölkələri Rusiyanın bu sistem vasitəsilə bütövlükdə NATO-nun təhlükəsizlik sisteminə müdaxilə edəcəyini düşünürlər”.

Ü.Cəfərov qeyd edib ki, bütün hallarda Türkiyə tərəfi artıq qərarını verib:

“S-400-lər iyula qədər Türkiyənin hərbi arsenalına daxil olmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti olaraq, S-400 məsələsində geriyə addım atmayacaqlarını bildirib. S-400 müasir silah sayılır. Onun Türkiyə tərəfindən alınması sözsüz ki, Türkiyənin döyüş qabiliyyətini bir qədər də artıracaq. Sadəcə Rusiyaya qarşı NATO ölkələri arasında olan mənfi münasibət Türkiyənin bu silahları almasına etirazların yaranmasına səbəb olur. Hətta məsələ o dərəcədə kəskinləşib ki, Türkiyənin NATO üzvlüyündən çıxarılması da gündəmə gətirilir. Amma NATO-nun Türkiyə kimi mühüm strateji tərəfdaş ölkədən imtina edəcəyi inandırıcı görünmür”.

Hərbi ekspert F-35-lərin də tam mükəmməl silah və texnika olmadığını qeyd edib:

“F-35-in S-400-lərdən daha mükəmməl silah olduğu ilə bağlı NATO ölkələrinin yaratdığı mif doğru deyil. Həm hava hücumundan müdafiə sistemi, həm də döyüş təyyarəsi kimi S-400 və F-35-lər eyni dərəcədə ciddi əhəmiyyətə malik silahlardır”.

Firuzə Vahid/ REDAKTOR.AZ