Türkiyə NATO və ABŞ-la DÜŞMƏN OLMAYACAQ Politoloqlar AÇIQLADI

 17:18 10.04.2019     521

Türkiyə və Rusiya arasında imzalanan "S-400" müdafiə sistemlərinə dair saziş Vaşinqton-Ankara münasibətlərini daha da gərginləşdirib. Hətta son günlər amerikalı rəsmilər Türkiyənin NATO-dan çıxarılması ilə bağlı məsələni gündəmə gətiriblər.

Maraqlıdır, Türkiyənin Rusiyadan “S-400” alması rəsmi Ankaranın NATO-dan çıxmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Arzu Nağıyev hesab edir ki, Türkiyənin NATO-dan çıxarılması qətiyyən ağılabatan deyil: 

“Hər hansı bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün hərbi sənaye kompleksini istənilən istiqamətdə diversifikasiya edə bilər. Yəni, həm Rusiyadan, həm də ABŞ-dan silah almaq Türkiyənin suveren hüququdur”.

Politoloq vurğulayıb ki, digər tərəfdən Türkiyə Rusiyaya görə ABŞ və NATO ilə münasibətlərini tam korlamaz:

“Türkiyə-Rusiya münasibətləri iqtisadi, siyasi və hərbi baxımdan tam yaxın ola bilməz. Onlar müxtəlif bloklarda təmsil olunan ölkələrdir. Xarici siyasətdə dostluq, qardaşlıq əlaqələri nəzərə alınmır. Ümumi maraqlar əsas götürülür. Bu gün də Türkiyə və Rusiyanın xarici siyasətdə üst-üstə düşən maraqları üstünlük təşkil edir”.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Türkiyə hökuməti ölkəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı düşünməyə məcburdur:

“Türkiyə vaxtilə ABŞ və Avropadan bu cür silahlar almaq istəsə də, ona bu silahları satmadılar. Ona görə də Türkiyə Rusiya ilə anlaşmaya getməyə məcbur oldu. Fikir verirsinizsə, bu gün də Türkiyəyə əsas təzyiq NATO və Avropadan deyil, məhz ABŞ-dan gəlir. Bu da ABŞ və Rusiya arasında olan problemlərdən qaynaqlanır. Ona görə də, ABŞ rəsmiləri Türkiyəyə qarşı “Ya biz, ya Rusiya”, “Ya Rusiya, ya NATO” kimi təzyiq göstərən açıqlamalar səsləndirir”.

Politoloq vurğulayıb ki, Türkiyə “S-400” raketlərini hərbi arsenalına daxil etdikdən sonra ABŞ bu reallığı qəbul etməyə məcbur olacaq:

“Çünki Yunanıstan da vaxtilə Rusiyadan “S-300” raketlərini almışdı. Buna görə Yunanıstanı NATO-dan çıxarmadılar. Üstəlik, ABŞ-Yunanıstan münasibətləri də pozulmadı. 

"Türkiyə NATO üçün son dərəcə vacib tərəfdaşdır". Bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtondakı çıxışında bir daha vurğuladı. Türkiyə faktiki NATO-da “Şərqin qapısı” sayılır. ABŞ-Türkiyə münasibətləri də zamanla öz axarına qayıdacaq. Tramp özü ticarətçidir. Gəlir əldə edəcəyi dövlətlə əməkdaşlığa böyük önəm verir. Türkiyənin də “F-35”-lərə görə ABŞ-a milyardlarla dollar pul ödəcəyini nəzərə alsaq, bu münasibətlərin düzəlməməsi mümkün deyil".

Politoloq vurğulayıb ki, Rusiya NATO ölkələrinin qarşı-qarşıya gəlməsindən məmnundur:

“Rusiya bundan sonra da çalışacaq ki, NATO və Türkiyə arasında soyuqluq yaransın. Amma bu münasibətlərin tənzimlənməsi Rusiyanın əlində deyil. Türkiyə Rusiyaya görə həm NATO, həm də ABŞ-la düşmən olmayacaq. Rusiya-Türkiyə münasibətləri müəyyən həddə qədər inkişaf edə bilər”.

Firuzə Vahid / REDAKTOR.AZ