Putini belə ittiham edən olmamışdı... - Moskvanın cavabı nə olacaq? / ŞƏRH
Xəbər verdiyimiz kimi, Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan sensasiyalı açıqlama verib.
Onun "27 oktyabr cinayəti açılıb, sifarişçilər məlumdur, bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” ittihamı, olduqca ciddi nüanslardan xəbər verir. Söhbət, Ermənistan parlamentindəki 1999-cu il gülləbaranından gedir. Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirilmişdi.
Atlas Araşdırmalar Mərkəzi məsələyə münasibət bildirib. Təhlildə qeyd olunur ki, o illərdə Dağlıq Qarabağ danışıqlarının intensivləşməsi müşahidə edilirdi:
“O zaman ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişinin imzalanmasının qarşısını almaq üçün belə xəbərlər yayılırdı. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də, Ermənistanın o zamankı elitasının gülləbaran edilməsində Rusiya izi haqqında bu günə qədər danışılır. İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəsifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu, o deməkdir ki, Rusiya hakim dairələrində Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa, Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə burada iki məsələ var. Ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o hazır olan plana razılığını verib”.
Təhlildə Ermənistan hakim partiyasının deputatının Putin əleyhinə açıqlamasının Moskvada ciddi rezonans doğurmalı olduğu vurğulanır:
“Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyanın deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada Putinə qarşı oxşar əhvali-ruhiyyəli insan çoxdur. Moskvadan açıqlamaya görə təzyiq olsa, Ermənistanın baş naziri Nikol Paşinyan deyəcək ki, bu, onun və partiyasının mövqeyi deyil. Böyük təzyiq olacağı halda isə açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək”.
Firuzə Vahid / REDAKTOR.AZ