Nikolun düyünə düşən "qara bağı" - Müharibəyə hazırlıq görüntüsü...

 16:10 11.04.2019     529

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.

Ermənistanın Müdafiə naziri David Tonoyanın sərt çıxışları fonunda baş tutan təlimlərdən öncəki 2 həftə ərzində Qarabağa Ermənistanın baş qərargah, kəşfiyyat rəisləri, eləcə də bütün ermənilərin katalikosu səfər etdi. 

Maraqlıdır, İrəvan bununla Bakıya hansı mesajı vermək istəyir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan analitik Elçin Mirzəbəyli bildirib ki, Vyana görüşündən sonra Ermənistanın davranışında çoxsaylı ziddiyyətlər müşahidə edilir:

“Ziddiyyətlər Ermənistan rəhbərliyini təmsil edən ayrı-ayrı şəxslərin bəyanatlarında özünü biruzə verir. Bu bəyanatlar, Ermənistan siyasi rəhbərliyinin davranışlarında da hiss olunur. Paşinyan bir tərəfdən sülhdən və humanitar tədbirlərin həyata keçirilməsindən danışır, digər tərəfdən Azərbaycanın işğal altında olan ərazilərində təlimlərin keçirilməsinə cəhd göstərir. Paşinyanın davranışlarında iki əsas faktor nəzərə çarpır. Birinci faktor ondan ibarətdir ki, o, bu prosesin uzun müddət sürməyəcəyini başa düşür və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün müvafiq addımlar atacağını bilir. Çünki Paşinyanın danışıqlar prosesindən yayınması və Ermənistanın sərgilədiyi siyasət artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də etirazla qarşılanır. Avropa İttifaqına səfəri çərçivəsində, Paşinyanın qaldırdığı iddialara verilən cavablar sübut etdi ki, Ermənistanın danışıqlar prosesini uzatmaq istədiyini hər kəs anlayır”.

E.Mirzəbəyli qeyd edib ki, Paşinyanın siyasəti ənənəvi Ermənistan rəsmilərinin apardığı siyasi oyunların təkrarıdır:

“Digər tərəfdən, Paşinyan Qarabağ kompleksini aşa bilmir. Dağlıq Qarabağdakı separatçılar və separatçıların Ermənistanın keçmiş hakimiyyəti və indiki müxalifətindəki uzantıları kifayət qədər ciddi maliyyə resurslarına malikdir. Bu, Nikola qarşı aparılan təbliğat prosesində də özünü biruzə verir. Paşinyan Dağlıq Qarabağdakı separatçı və onları dəstəkləyən qüvvələri susdurmaq üçün təlimlərlə müharibəyə hazır olduğu mesajını verir. Bununla, Qarabağ məsələsində hər hansı güzəşt nümayiş etdirməyəcəyini göstərməyə çalışır. Katalikosun Qarabağa səfəri isə prinsip etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Hazırda diasporanın Ermənistanda daxili siyasi proseslərə təsiri kifayət qədər azalıb”.

Analitik vurğulayıb ki, Qarabağ klanı ilə Paşinyan arasındakı ziddiyyətlər dərinləşir:

“İndiki şəraitdə Paşinyanın davranışlarına Dağlıq Qarabağ klanını himayə edən daxili və xarici qüvvələrin davranışları konteksində qiymət vermək lazımdır. Açıq şəkildə görünür ki, Qarabağ klanı və Paşinyan arasındakı ziddiyyətlər kifayət qədər dərinləşir. Ermənistanın baş naziri ölkədəki prosesləri tənzimləmək iqtidarında deyil və ortaya siyasi iradə qoya bilmir. Eyni zamanda, münaqişənin həlli ilə bağlı onun hər hansı bir təsəvvürü də yoxdur. Sadəcə olaraq manipulyativ davranış və qıcıqlandırıcı addımlarla prosesi uzatmağa çalışır. Danışıqlar prosesində hər hansı irəliləyiş baş verirsə, Ermənistan prosesi geriyə çəkmək üçün daha sərt bəyanatların verilməsinə cəhd göstərir. Belə olan təqdirdə isə hər zaman danışıqlarda atəşkəsin qorunması və daha geniş şəkil almaması müzakirə olunur. Faktiki olaraq, danışıqlar prosesi 0 nöqtəsinə qayıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ