Avropadan Türkiyəyə QONDARMA zərbə... - Soysuzlara dəstək gəlir

 12:00 12.04.2019     840

Türkiyə və Azərbaycanın lobbiçi qruplarla apardığı işləri gücləndirməlidir.

Avropa ölkələrindən bir-birinin ardınca qondarma erməni soyqırımı ilə bağlı oxşar bəyanatların səsləndirilməsi birmənalı qarşılanmır.

Redaktor.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirir ki, ermənilər bir neçə gün sevinəcək, sonra əvvəlki reallıqlarına qayıdacaqlar:

“Ermənilərin aprelin 24-də “erməni soyqırımı” kimi qeyd etdikləri gün yaxınlaşdıqca, müxtəlif ölkələrdən erməni təəsübkeşliyi xəbərlərinin gəlməsi normaldır. Reallıq isə budur ki, ermənilərə təəssübkeşlik edən ölkələrin Avrasiya bölgəsindəki əsas iqtisadi və ticarət tərəfdaşı Türkiyə, Cənubi Qafqazda isə Azərbaycandır”.

Politoloq erməni təəssübkeşliyi göstərən bəlli mərkəzlərin Azərbaycan torpaqlarının geri qaytarılması prosesinə mane ola biləcəyi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Həmin mərkəzlər 2016-cı ilin apreldə və ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlar zamanı səssiz qalmışdı. Yəni, istənilən qədər “soyqırımı” tanısınlar, Türkiyə və Azərbaycan öz yoluna baxmalıdır”.

Saytımıza açıqlama verən politoloq Zaur Məmmədov bu cür məsələlərin gündəmə gəlməsində, erməni diasporu və lobbisinin xüsusi rolunu vurğuladı:

“Hər il 24 apreldən əvvəl bir sıra ölkələr tərəfindən erməni soyqırımının tanınması ilə bağlı məsələ gündəmə gətirilir. Bu təsadüf deyil. İtaliya yaxşı olardı ki, bu məsələ ilə bağlı qərarı tarixçilərin öhdəsinə buraxsın. Çünki bu məsələyə tarixçilər qiymət verməlidir. Lakin təəssüf olsun ki, bir çox dövlətlər bu məsələyə siyasi qiymət verməyə çalışır. Bu qanun layihəsinin qəbulu İtaliya kimi Avropanın demokratiya sahəsində öndə gedən ölkələrindən biri üçün biabırçılıq olar. Çünki bu qanun layihəsinin qəbulu yalnız parlament üzvlərinin satın alınması nəticəsində mümkün ola bilər”.

Politoloq hesab edir ki, Türkiyə və Azərbaycanın lobbiçi qruplarla apardığı işlər gücləndirilməlidir:

“Özünü regional güc adlandıran Türkiyə isə bu istiqamətə xüsusi diqqət yetirməlidir”.

Qeyd edək ki, ötən gün İtaliya parlamenti qondarma “erməni soyqırımı"nın tanınması ilə bağlı qanun təklifini qəbul edib. Bundan başqa Fransa prezidenti Emmanuel Makron da aprelin 24-nü rəsmi olaraq qondarma “erməni soyqırımını anma günü” elan edib. Avstriya, Yunanıstan, İsveçrə və digər ölkələrin də bu mövzuda mövqeyi oxşardır.

Firuzə Vahid / REDAKTOR.AZ