Bölgəni müharibəyə sürükləyən sülh - Paşinyan nə istəyir?

 15:56 12.04.2019     612

Ermənistanın Baş naziri Nikol Paşinyanın AŞPA-da çıxışı zamanı özünü “sülh carçısı” kimi təqdim etməsi, onun növbəti hiyləgər gedişidir.

Redaktor.az-ın xəbərinə görə,politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın aprelin 11-də AŞPA-da Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirib. Politoloqun sözlərinə görə, Paşinyan Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən “sülh çarçısı” kimi göstərməyə çalışıb:

“İki dünya müharibəsini görən, dağılan və yenidən qurulan Avropa, bu gün pasifist olduğundan sülhdən danışan istənilən lideri dinləməyə hazırdır. Gərək Strasburqda Paşinyanı dinləyənlərdən kimsə ondan soruşardı ki, “Necə sülh? İşğala son qoyan ədalətli, yoxsa bölgəni növbəti müharibəyə sürükləyən sülh?” və s.”.

E.Şahinoğlu qeyd edib ki, Paşinyan kreativ görünməyə çalışır və Strasburqdakı çıxışında da bu strategiyasını davam etdirdi:

“Birincisi, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini müsbət adlandırdı, ancaq açıqlamasına bəzi əlavələr də qatdı:“Gərək iki ölkənin cəmiyyəti arasında da dialoq başlasın ki, xalqlarımızı müharibəyə deyil, sülhə hazırlayaq”. Bu, Paşinyanın növbəti hiyləgər açıqlamasıdır. Beynəlxalq təşkilatların və Minsk Qrupu həmsədlərinin istənilən bəyanatında və birgə açıqlamasında eyni cümlə yer alıb və Paşinyan həmin cümləni olduğu kimi təkrarlayıb. Paşinyan sosial şəbəkələrin dialoq meydanına çevrilə biləcəyini də vurğulayıb”.

Politoloq bildirib ki, Paşinyan son zamanlar münaqişənin həllindən danışarkən istənilən həll variantının Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının maraqlarına uyğun olmasına diqqət çəkir:

“O, bu cümlədən Strasburqdakı çıxışında da istifadə etdi. Göründüyü kimi, o, münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Gərək kimsə Paşinyanın bu cümləsiylə bağlı ona sual verəydi ki, “Niyə münaqişənin həlli birinci növbədə Ermənistan xalqının maraqlarına uyğun olmalıdır?”. Paşinyan ədalətli görünsün deyə cümləsinin sonunda Azərbaycan xalqının da adını çəkir. Paşinyan “Münaqişənin həlli həm də Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır” açıqlaması ilə sanki böyük güzəştə getdiyini vurğulamağa çalışır və eyni yanaşmanı rəsmi Bakıdan gözlədiyini bildirir. Yəni, Paşinyana görə rəsmi Bakı da oxşar açıqlama verməlidir. Ancaq bu açıqlama bizim maraqlarımıza uyğun deyil. Azərbaycan tərəfi ərazi bütövlüyünü ehtiva edən həll yolunun bölgədə yaşayan bütün xalqların maraqlarına uyğun olacağı, bu bölgədə sülhün, sabitliyin və inkişafın əsasını qoyacağı ilə bağlı açıqlama verə bilər”.

E.Şahinoğlu vurğulayıb ki, Paşinyan Strasburqdakı çıxışının sonrakı hissəsində AŞPA-ya da daş atdı:

“Paşinyan 2016-cı il aprel müharibəsinə səbəb kimi həmin ilin qış sessiyasında AŞPA-da gedən müzakirələri göstərib. Çünki həmin il AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamə qəbul edilib. Paşinyan başqa sözlə demək istəyir ki, rəsmi Bakı həmin qətnaməyə əsaslanaraq hücum əməliyyatına başlayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatların Qarabağla bağlı bütün qətnamələri Azərbaycanın leyhinədir və Azərbaycan ordusu bu qətnamələrdən istənilən birinə istinad etməklə hücum əməliyyatına başlaya bilər. Paşinyanın AŞPA-dan başqa bir narazılığı da Assambleyanın Dağlıq Qarabağın demokratik institutlarının və vətəndaş cəmiyyətinin inkişafı üçün heç nə etməməsi, Strasburqun Dağlıq Qarabağdakı qeyri-hökumət təşkilatlarına dəstəyinin sıfır olması ilə bağlı idi. AŞPA Paşinyanın dediyini etsə, gərək bütün ölkələrdəki separatçı bölgələrin inkişafına dəstək versin. Bu, AŞPA-nın siyasi fəlsəfəsinə ziddir. Çünki bununla Avropanın özünün dağılmasını sürətləndirər.”

Politoloq hesab edir ki, Paşinyan AŞPA-dakı çıxışında Türkiyə ilə bağlı narahatlığını da boş yerə dilə gətirməyib:

“Ermənistanın baş nazirinin qorxusunu anlamaq olar. Türkiyə-Rusiya münasibətləri son illər strateji xarakter alır və İrəvan qorxur ki, bir gün Ankara da Moskva ilə işbirliyi əsasında münaqişənin həlli prosesində rol almaq istəyəcək”.

Politoloq vurğulayıb ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının formalaşmadığı Strasburqdakı çıxışından bir daha aydın oldu:

“Paşinyan münaqişənin konseptual həllinə hazır deyil. Onun nəzərdə tutduğu proseslər 1990-2000 illər arasında olub. Həmin vaxt cəmiyyətlər arasında dialoq da yüksək səviyyədə idi, Bakıda və İrəvanda birgə konfrans və seminarlar keçirilirdi, qeyri-hökumət təşkilatları hətta birgə layihələrdə iştirak edirdilər, ancaq bütün bunlar münaqişənin həllini yaxınlaşdırmadı. Çünki münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-də AŞPA-da çıxış edib.

Firuzə Vahid/ REDAKTOR.AZ