Türkiyə Fransaya cavab verməlidir - Xocalı soyqırımına hüquqi qiymət

 17:45 12.04.2019     667

Millət vəkilləri qondarma soyqırımı tanıyan bir ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağını düşünmürlər.

Redaktor.az-a açıqlama verən millət vəkili Elman Nəsirov Fransada qondarma erməni soyqırımının anım gününün keçirilməsi ilə bağlı Makronun qərarını qınayıb. O bildirib ki, bu qərar Türkiyə və Azərbaycan ictimaiyyətində narahatlıq doğurmalıdır:

“Bütün hallarda bu qərar heç şübhəsiz ki, Türkiyə və Fransa arasındakı münasibətlərə kölgə salır. Eyni zamanda, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasının üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən biridir. Həmsədr dövlətin rəhbərinin qondarma soyqırım hadisəsinə belə loyal münasibət bəsləməsi, hətta qondarma soyqırımın ölkəsində anım gününün keçirilməsi ilə bağlı qərarı rəsmi Parisin Qarabağ münaqişəsinin həll edilməsi üçün obyektiv, qərəzsiz, ədalətli mövqe sərgiləyəcəyinə dair inamı azaldır. Fransanın həmsədr kimi fəaliyyəti münaqişənin həlli imkanlarına mane ola bilər. Bu da təəssüf doğuran haldır”.

E.Nəsirov vurğulayıb ki, indiyə qədər ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə atdığı addımların bu qədər səmərəsiz olmasını şərtləndirən amillərdən biri də məhz Fransanın ermənipərəst mövqeyidir:

“Makronun bu qərarından sonra Fransa dövlətindən münaqişənin həlli ilə bağlı real, obyektiv, tərəfsiz yanaşma gözləməyin mənası yoxdur. Nə qədər ki, Fransa ermənipərəst siyasəti davam edəcək, hesab edirəm ki, münaqişənin həlli imkanları bir o qədər buxovlanmış olacaq”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən millət vəkili Elman Məmmədov hesab edir ki, Fransa kimi ermənipərəst dövlətin ATƏT-in Minsk Qrupu tərkibində vasitəçilik mandatına sahib olması qeyri-qanunidir, ədalətsizdir:

“Makronun bu qərarında təəccüblü bir şey yoxdur. Fransa ilə ermənilərin arasında olan tarixi əlaqələrə, münasibətlərə nəzər salmaq lazımdır. Amma bu məsələdə ermənilərə ən birinci cəriməni, təzminatı ödəyəcək dövlət məhz Fransanın özü olmalıdır. Çünki ermniləri I Dünya müharibəsi dövründə silahlandıran, təlimatlandıran, Türkiyə daxilində üsyana sövq edən 3 ölkədən biri elə Fransanın özü idi. Orada ermənilər ölübsə, bunun birinci günahkarı məhz Fransa dövlətidir. Çünki Fransa bu məsələdə erməniləri aldatmışdı ki, Türkiyə daxilində onlara dövlət yaradacaq. Yəni, ermənilər ilk olaraq Fransanın yaxasından yapışmalıdır”.

Deputat təklif edib ki, Fransanın bu addımına qarşı Türkiyə də Xocalı soyqırımına hüquqi və qanuni qiymət versin:

“Türkiyənin Xocalı soyqırımına lazım olan hüquqi qiyməti verməsi Fransaya ən yaxşı cavab olar”.  

Millət vəkili Fəzail İbrahimli  isə hesab edir ki, bu məsələyə köklü münasibət bildirmək lazımdır:

“Birincisi, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk Qrupunun həmsədri olması təşəbbüsü irəli sürülən zaman bu münaqişənin həll olunacağına dair ümidlər azaldı. Ermənipərəst mövqe tutan, prezident seçkilərində kifayət qədər erməni lobbisinin təsirinə məruz qalan bir dövlət bu münaqişənin həll edilməsinə töhfə verə bilməz. Tək Fransa yox, elə Rusiya, ABŞ-ın da bölgəyə turist səfərlərindən başqa etdiyi bir şey yoxdur”.

 F.İbarahimli hesab edir ki, münaqişənin həll edilməsini öz boynuna götürən dövlətlər heç özlərinin problemlərini həll edə bilmir:

“ABŞ və Rusiya arasında olan gərgin vəziyyəti nəzərə alsaq, onların hansısa bir məsələni həll edəcəyini düşünmək absurddur. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ördək, balıq və xərçəngə bənzəyir. Xərçəng arabanı quruya, ördək buludlara, kor balıq suya çəkir. Ancaq araba  yerindən tərpənmir ki, tərpənmir”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron  24 apreli Fransada qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan etməsi ilə bağlı qərar qəbul edib.

Firuzə Vahid/ REDAKTOR.AZ