Matviyenkonun Krım dəvəti... - Qəbul olunacaqmı?

 18:30 12.04.2019     594

Moskva bizi tələyə salmaq istəyir.

Redaktor.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Sevastopolun alman faşistlərindən azad olunmasının 75 illiyi ilə bağlı azərbaycanlı həmkarını Krıma dəvət etməsinə münasibət bildirib. Politoloq hesab edir ki, Matviyenkonun bu dəvəti təsadüfi deyil:

“Rusiyanın ilhaq etdiyi Krımı Ukrayna ərazisi sayırıq. Bizim üçün Krımın Dağlıq Qarabağdan fərqi yoxdur. Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edənləri persona non-qrata elan edirik, eyni ilə Kiyev də Krıma səfər edənləri persona non-qrata elan edir və Ukraynaya girişini qadağan edir. Kremlin dili ilə danışan Matviyenko bilir ki, rəsmi Bakı Krıma yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək, ancaq heç olmasa, Bakıdan hansısa heyətin gəlməsinə çalışır”.

E.Şahinoğlu vurğulayıb ki, Moskvanın tələsinə düşmək olmaz:

“Hansısa millət vəkilimiz Sevastopola getmək haqqında düşünürsə, bilməlidir ki, bu səfər bizim Dağlıq Qarabağ siyasətimizi zəiflədəcək. Çünki ermənilər azərbaycanlı rəsmi və ya deputatın Krıma getməsini arqument kimi gətirərək, başqa ölkələrin deputatlarının da Dağlıq Qarabağa rahat gələ bilməli və buna rəsmi Bakı etiraz etməməli olduğunu tələb edəcək”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən millət vəkili Hikmət Babaoğlu hesab edir ki,  Azərbaycan tərəfi mütləq öz milli və xarici siyasət maraqlarına cavab verən addımlar atacaq:

"Rusiya ilə Azərbaycan qədim tarixi ənənələrə söykənən, mehriban qonşuluq münasibətlərinə sahibdir və hazırda münasibətlər hər iki ölkə tərəfindən strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir. Amma yaddan çıxarmaq lazım deyil ki, bu iki ölkənin münasibətləri həm də qarşılıqlı şəkildə öz milli maraqlarına söykənən, öz milli maraqları ifadə olunan münasibətlərdir. Ona görə də,  bütün hallarda hər bir ölkənin münasibətlərdə öz milli maraqlarından çıxış etməli olduğunu düşünürəm. Bu, hər iki ölkə tərəfindən qarşılıqlı hörmət və anlayışla qarşılanır". 

Qeyd edək ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıda Milli Məclisin sədri ilə görüşdə Sevastopolun alman faşistlərindən azad olunmasının 75 illiyi ilə bağlı azərbaycanlı həmkarını Krıma dəvət edib. Matviyenko hətta Oqtay Əsədovun özü gələ bilməsə də, Milli Məclisdən nümayəndə heyəti göndərməsini xahiş edib.

Firuzə Vahid/ REDAKTOR.AZ