Yaxın Şərqdə uzaq hədəf... - Hərbçilər niyə inqilab edir?

 19:14 12.04.2019     397

Liviyada, Əlcəzairdə, Sudanda baş verən proseslər Yaxın Şərqdə yeni dalğanın başlamasından xəbər verir.

Sudanda baş verən hadisələrlə bağlı analitik Vüqar Zifəroğlu Redaktor.az-a açıqlama verib. Zifəroğlu hesab edir ki, Yaxın Şərqdə "ərəb baharı"ndan sonra, “hərbçilər baharı” dönəmi gəlməkdədir:

“2011-ci il ərəb baharından sonra Yaxın Şərqdə dəyişikliklər baş verdi. Bu dəyişikliklərin ən əsaslı effekti özünü Misirdə göstərdi. 2012-ci ildə Misirdə Mursi iqtidarı devrildi və hərbçilər hakimiyyətə gəldi. Diqqət etsək, Sudanda və Liviyada baş verən proseslərdə də Misirdə baş verənlərin təkrarlanmasının şahidi oluruq. Yenə də etiraz edənlər hərbçilərdir. Bu hərbçilər müəyyən mənada Qərbə bir o qədər yaxın olmayan qüvvələrə qarşı qiyam qaldırırlar. Həmin qüvvələr isə islamçı imici ilə tanınan iqtidarlardır. Bütün bunlar hamısı onu deməyə əsas verir ki, əslində, Yaxın Şərqdə çox maraqlı proseslər gedir və yaxın vaxtlarda dəyişikliklərin baş verəcəyi ehtimal olunur. Bu dəyişikliklər şübhəsiz ki, regionda olan bütün ölkələrə, həmçinin Türkiyəyə də təsirsiz ötüşməyəcək”.

Analitik qeyd edib ki, Türkiyənin Sudanda nüfuzunu artırdığı bir vaxtda, bu ölkədə hərbi çevrilişin baş verməsi anti-Türkiyə qüvvələrin planı deyil:

“Doğrudur, Sudanda baş verən hadisələr Türkiyəni də yaxından maraqlandırır. Çünki son dövrlər Türkiyə ilə Sudan arasında sıx əlaqələr qurulub. Belə ki, 2017-ci ilin dekabr ayında imzalanan razılaşmaya görə, Sudanın şimal-şərqindəki strateji önəmə sahib Sevakin adası Türkiyəyə verilib. Bu adanın Ankaranın nəzarətinə keçməsi bölgə ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin narazılığına səbəb olub.  Bu ölkələr Türkiyənin bölgədə nüfuzunun artmasına görə narahatdır. Amma bütün bunlara baxmayaraq, Sudanda baş verənləri anti-Türkiyə qüvvələrinin planı kimi qiymətləndirmək doğru olmaz. Yaxın Şərqdə yeni dalğa formalaşır və bu dalğanın Türkiyəyə də təsiri olacaq”.

Qeyd edək ki, iki gün əvvəl Sudanda hərbi çevriliş baş tutub, Prezident Ömər Bəşir devrilib, ölkəni keçid dövründə idarə etmək üçün Hərbi Şura yaradılıb. Hərbi Şuranın ölkəni iki il ərzində idarə edəcəyi bildirilir. Sudanda yaradılan Hərbi Şura devrilmiş prezident Ömər əl-Bəşirin beynəlxalq məhkəməyə verilməyəcəyini açıqlayıb.

Firuzə Vahid/ REDAKTOR.AZ