Ermənistan mediasında Azərbaycanla bağlı TƏXRİBAT - Ermənilər təşvişdədir

 12:26 15.04.2019     830

Bir neçə gündür erməni mediasında, onların Avropa qurumlarındakı uzantıları və deşifrə olunmuş agentlərin təqdimatında “Azərbaycan Aİ ilə imzalanması planlaşdırılan sazişlə bağlı danışıqlardan, Dağlıq Qarabağ konfliktindəki pozisiyasına görə imtina edir” dezinformasiyaları yayılır.

Keçmiş səfir Arif Məmmədovun təxribatçı məlumatı əsasında yerli mediada Avropa Birliyi-Azərbaycan münasibətləri haqqında cəmiyyəti çaşdıracaq, həqiqətə uyğun olmayan rəylər gedir.

Politoloq Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında məsələylə bağlı bildirib ki, Aİ qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil:

“Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir. Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır.

Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzrə Aİ-Azərbaycan və Aİ-Cənubi Qafqaz kontekstində qurmaqda maraqlıdır. Aİ Cənubi Qafqazda ölkələrlə münasibətlərini birinin digərini qıcıqlandırmamaq istiqamətində qurmağa maksimum çalışır”.

 Y.Hacıyeva bildirib ki, AB-Azərbaycan münasibətlərinin təməl prinsipi beynəlxalq hüquqa söykənir:

“AB Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Müəyyənləşdirilməmiş kimi göstərilməyə çalışılan AB-Azərbaycan münasibətlərinin əməkdaşlıq prioritetləri haqqında danışıqlar keçən il başa çatıb. Əməkdaşlığın prioritetləri sənədi keçən il iyulun 11-də Brüsseldə  Federika Mogerini və Elmar Məmmədyarov arasında Avropa İttifaqının prezidenti Donald Tusk və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb”.

Firuzə Vahid / REDAKTOR.AZ