Matviyenko Bakıya hansı ismarıclarla gəldi - Politoloq AÇIQLADI

 12:51 15.04.2019     709

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiyanın MDB dövlətləri ilə münasibətlərində “danışan dil”dir.

Redaktor.az bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Rusiya Prezidenti Vladimir Putinin Matviyenkonu Bakıya göndərməsinin səbəblərinə aydınlıq gətirib.  Z.Məmmədov hesab edir ki, Rusiya son zamanlar Venesueladan tutmuş Liviyaya qədər, Liviyadan tutmuş Pakistana kimi dövlətlərdə ciddi şəkildə möhkəmlənməkdə israrlıdır:

“Rəsmi Moskva üçün Bakı ilə olan münasibətlər son dərəcə vacibdir. Çünki Rusiya Cənubi Qafqaz və Orta Asiyaya öz məmləkətləri kimi baxmaqda davam edir. Ona görə də Matviyenkonun Bakı səfəri olduqca vacib idi. Çünki Matviyenko Ukrayna məsələsindən tutmuş ABŞ ilə münasibətlərə kimi hər zaman Kremlin ismarıclarını verən 2-3 şəxsdən biridir. Onun keçən həftə Bakıya baş tutmuş səfəri zamanı Azərbaycanla münasibətlərdə bildirdiyi müsbət notlu sözləri, hümanitar sahədə dövlətlər arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirməsi reallıqdır. Çunki rus dilinin inkişafı və rus mədəniyyətinə verdiyi önəmə görə Azərbaycanın payı əvəzedilməzdir. Bu gün Bakıda rus dilində orta və ali təhsil məktəblərinin sayı azalmır, artmaqda davam edir. Azərbaycan üçün şimal qonşusu ilə mehriban qonşuluq siyasəti hər zaman prioritet olub”.

Politoloq vurğulayıb ki, senatın spikeri Bakıya humanitar məsələləri müzakirə etmək üçün gəlməmişdi:

“Şoyqu və Matviyenko ilə Azərbaycan arasında illərdir ki, ilıq münasibətlər mövcuddur. Matviyenko bağlı qapılar arxasında Putinin bir sıra istəklərini Bakıda dilə gətirib. Azərbaycanın daxili siyasətində baş verən dəyişikliklərdən tutmuş xarici siyasətinə kimi rəsmi Kremlin nəzər nöqtəsindədir”.

Xatırladaq ki, Rusiyanın Federasiya Şurasının nümayəndə heyəti sədr Valentina Matviyenkonun rəhbərliyi altında aprelin 11-də Azərbaycana rəsmi səfər etmişdi.

Firuzə Vahid/ REDAKTOR.AZ