Rəsmi Bakı xarici səhnədə FƏALLAŞIR - Rusiyanın Azərbaycana qarşı diqqəti niyə artır?

 18:21 15.04.2019     579

Rusiyalı rəsmilərin Azərbaycana artan diqqətinin arxasında öz maraqlarını təmin etmək məsələsi durur.

Politoloq İlqar Vəlizadə Redaktor.az-a Rusiyanın Azərbaycana qarşı artan diqqətinin səbəblərinə, onların rəsmi Bakı ilə bağlı açıqlamalarına münasibət bildirib. Politoloq hesab edir ki, Rusiyanın son addımları Azərbaycanın xarici səhnədə olan fəallığı ilə əlaqədardır:

“Belə ki, son aylar ərzində Azərbaycan həm kifayət qədər Dağlıq Qarabağla bağlı danışıqlar prosesində fəallığını göstərib, həm də digər oyunçularla (xüsusilə Avropa İttifaqı) münasibətlərində müəyyən irəliləyişlər əldə edib. Bu həssas regionda Rusiyanın planları nöqteyi-nəzərindən Azərbaycanın çəkisi artır. Belə ki, Rusiya Yaxın Şərq siyasətində fəallaşır. Rusiyaya dayanıqlı və etibarlı tərəfdaşlar lazımdır. Azərbaycan da Rusiya üçün bu cür potensial tərəfdaşlar siyahısındadır. Diqqət edin, rusiyalı rəsmilərin Azərbaycanla bağlı son açıqlamalarında  ölkəmizin regional siyasətdə Rusiyaya dəstək verməsinin önəmi xüsusilə vurğulanır. Zolotov Rusiyanın təhlükəsizlik sisteminə cavabdeh olan insanlardan biridir. Əlbəttə ki, onun Azərbaycanı təlimlərdə müşahidəçi kimi dəvəti Rusiyanın təhlükəsizlik məsələlərinin təminatında Azərbaycanın rolunu artdığının sübutudur. Qarabağ ətrafında gedən danışıqların vəziyyətini və müəyyən təhlükələri nəzərə alsaq, Rusiyanın təhlükəsizlik məsələlərini təkcə Ermənistanla deyil, Azərbaycanla da müzakirə etməyə hazır olduğunu göstərir. Bu isə Ermənistanın maraqları ilə üst-üstə düşmür. Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin real vəziyyəti bu səfərlərlə nümayiş olunur”.

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycanla münasibətlərində artıq Ermənistandan olan etirazları nəzərə almır:

“Rusiyanın maraqları heç də Ermənistanın maraqları ilə üst-üstə düşmür. Rusiya başa düşür ki, regionda Azərbaycan daha təsirli oyunçudur. Rusiya Azərbaycanla təhlükəsizlik məsələlərində münasibətləri inkişaf etdirməklə öncə öz təhlükəsizliyini təmin etmiş olur. Ona görə də Ermənistanın mövqeyini birtərəfli tutsa, Azərbaycan kimi tərəfdaşını itirə bilər. Bu zaman isə regionda risklərlə üzləşər”.

İ.Vəlizadə bildirib ki, Ermənistan Rusiyanın Azərbaycana qarşı son pozitiv addımlarından sonra hər ölkənin öz maraqları olduğunu başa düşməlidir:

“Azərbaycan Rusiya ilə son illər ərzində uğurlu ikitərəfli münasibətlər qurub. Bu tendensiya halına gəlib çıxır və ermənilərin mövqeyini zəiflədir. Ermənistan bundan nəticə çıxarmalı, öz cari siyasi xəttində, strategiyasında dəyişiklər aparmalıdır. Bu dəyişikliklər Dağlıq Qarabağla bağlı münaqişənin tənzimlənməsindən ibarətdir. Son illər ərzində Rusiya tərəfi də ermənilərə dəfələrlə işğal altında olan ətraf rayonları boşaltması ilə bağlı mesajlar göndərir. Amma görünür ermənilər üçün bu mesajların elə də əhəmiyyəti yoxdur. Bu vəziyyət nə qədər çox davam etsə, rusiya Azərbaycanla daha sıx münasibət saxlayacaq, nəinki ermənilərlə”.

Xatırladaq ki, Rusiyanın Federasiya Şurasının nümayəndə heyəti sədr Valentina Matviyenkonun rəhbərliyi altında aprelin 11-i Azərbaycana rəsmi səfər etmişdi. Səfər zamanı Matviyenko açıqlamalarında Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət çəkib.

Rusiya Federal Milli Qvardiya Qoşunları Xidmətinin direktoru, ordu generalı Viktor Zolotov isə Rusiya Milli Qvardiyasının Çinlə keçirəcəkləri hərbi təlimlərə Azərbaycanı müşahidəçi qismində dəvət etmək niyyətində olduğunu bildirib.

Firuzə Vahid / REDAKTOR.AZ