Qarabağ münaqişəsi “Xalq diplomatiya”sı formatına qayıdır? - Millət vəkilləri AÇIQLADI

 19:27 15.04.2019     478

Azərbaycanda Ermənistanın danışıqlar yolu ilə torpaqları qaytaracağını düşünənlər çox azdır.

Millət vəkili Asim Mollazadə Redaktor.az-a Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşündə nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılması ilə bağlı razılıq əldə etməsinə münasibət bildirib. A.Mollazadə yaxın müddətdə sülh üçün zəruri addımlar atılacağını gözləmir:

“Azərbaycan sülh istəyir. Ona görə də danışıqlar prosesini davam etdirir. Ancaq  Ermənistanın yeni rəhbərliyi hansısa addım atmaqdan çəkinir. Çünki erməni cəmiyyəti sülhə hazır deyil. Onları daha çox ölkədaxili vəziyyət narahat edir”.

Deputat hesab edir ki, iki ölkə arasında humanitar sahədə birgə fəaliyyətdən daha öncə görülməli işlər var:

“Təbii ki, humanitar addımları atmaq zəruridir. Amma ondan qabaq Ermənistan hökuməti tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı konkret qərarlar verilməlidir. Yalnız bundan sonra Azərbaycanda Ermənistanın sülh istiqamətində addımlarına inanarlar. Hələlik, bu münaqişənin sülh yolu həll ediləcəyinə dair çox ciddi şübhələr var”.

Millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı saytımıza danışıb. O, danışıqlar formatının “Xalq diplomatiya”sına qayıtması ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

“Azərbaycan və Ermənistan arasında gedən son danışıqlar xalq diplomatiyası deyil. Humanitar sahədə müəyyən əlaqələrin yaradılmasının mümkünlüyünün müzakirəsidir. Bu, o zaman xalq diplomatiyası olardı ki, hökumətlər iki dövlət arasındakı problemin həlli ilə bağlı heç nə etməsinlər. Ortada Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı var. Azərbaycan hakimiyyəti bununla bağlı çox ciddi addımlar atır. Cəmiyyət tərəfindən Azərbaycan hakimiyyətinin siyasəti müdafiə edilir”.

Deputat nazirlər, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına dair razılıq əldə etməsini yüksək qiymətləndirib:

“Xarici KİV-lərin, jurnalistlərin Ermənistandan etdiyi reportajlardan görünür ki, Ermənistanda hər hansı inkişafdan danışmağa dəyməz. Ermənistan jurnalistlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi ona gətirib çıxaracaq ki, erməni cəmiyyəti torpaqlarının bir hissəsini işğal etdiyi ölkənin yüksək inkişafının şahidi olacaq. İstər-istəməz bu işğalın davam etdirilməsi məsələsi Ermənistan cəmiyyətini düşündürəcək. Eyni zamanda, müəyyən nazirlərin də səfərlərinin təşkil edilməsi məsələsinə baxmaq olar. Hər halda, bu məsələlər hələ öz həllini tapmayıb, sadəcə olaraq müzakirə mövzusudur”.

Xatırladaq ki, bu gün Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Firuzə Vahid / REDAKTOR.AZ