Tramp Türkiyə ilə bağlı şaiyələrə son qoydu – QƏFİL GÖRÜŞ

 12:01 16.04.2019     410

Bu görüş "NATO Türkiyəni üzvlükdən çıxara bilər" şayiələrinə son qoydu.

Redaktor.az bildirir ki, ABŞ Prezidenti Donald Trampın Ağ evdə Türkiyənin maliyyə naziri və Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı qəbul etməsinə politoloq Elxan Şahinoğlu münasibət bildirib. Politoloq hesab edir ki, bu görüş bir neçə mühüm məqamdan xəbər verir:

“Birincisi, ABŞ prezidenti ticarətçi olduğundan Rusiyadan alacağı “S-400” raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir. Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə “F-35” hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, Amerika üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkincisi, Trampın Albayrakla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton “S-400” raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə ABŞ ”pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən Amerikanın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi: “Ya biz, ya da “S-400” raketləri”. Yaxşı polis olan prezident Donald Tramp isə türkiyəli nazirlə isti görüş həyata keçirdi”.

Politoloq vurğulayıb ki, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il ərzində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür:

“Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir. Türkiyəli ekspertlər də, Ankaranın Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkliyini bildirir. Bir çox türkiyəli diplomat Rusiya ilə tərəfdaşlığın strateji deyil taktiki mahiyyət daşımalı olduğunu düşünür. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər”.

Xatırladaq ki, G20 toplantısı üçün ABŞ-a səfər edən Türkiyənin maliyyə naziri Berat Albayrak Amerika Prezident Donald Trampla görüşüb.

Firuzə Vahid / REDAKTOR.AZ