Mnatsakanyan və Lavrov bir ayda 2 dəfə görüşdü - Məqsəd nə idi?

 14:36 16.04.2019     545

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən öncə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Zöhrab Mnatsakanyanı qəbul etməsi ilə bağlı politoloqlar ziddiyyətli açıqlamalar verib.  

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Fikrət Sadıqov hesab edir ki, Ermənistan XİN rəhbərinin Lavrov tərəfindən qəbul olunması və onunla müzakirələr aparması təsadüfi deyil:

“Rusiya Ermənistana hələlik heç bir təzyiq göstərmir. Ola bilsin ki, Rusiyanın münaqişə ilə bağlı yeni təklifləri var və bu təkliflərin Ermənistanın maraqlarına uyğunlaşdırılması üçün iki nazir arasında fikir mübadiləsi aparılıb. Çünki Elmar Məmmədyarov da görüşdən sonra, Rusiyanın münaqişənin həlli ilə bağlı yeni təklifləri olduğunu açıqladı”.

Politoloq vurğulayıb ki, Lavrovun bu görüşdə iştirakının müxtəlif məqsədləri var:

“E.Məmmədyarovun da qeyd etdiyi kimi, Rusiya yeni təkliflər hazırlayır və tərəflərə təqdim etmək istəyir. Amma düşünmürəm ki, bu təkliflərin hamısı Azərbaycanı qane etsin və maraqlarımıza tam uyğun olsun. Doğrudur, Rusiya Ermənistanın müttəfiq kimi maraqlarını nəzərə almağa çalışır. Amma eyni zamanda başa düşür ki, Azərbaycan bölgədə ona lazımlı olan strateji tərəfdaşdır. Rusiya Azərbaycanla münasibətlərini inkişaf etdirmək niyyətindədir. Bu iki məqam arasında Rusiyanın hansı təklifləri irəli sürəcəyi bəlli deyil.  Ancaq maraqlarımıza cavab verməsə, Rusiyadan gələn təklifləri qəbul etmək olmaz”.

Saytımıza açıqlama verən politoloq Tofiq Abbasov isə fərqli düşünür. Politoloq hesab edir ki, Ermənistanın Qarabağ danışıqlarında qeyri-müəyyənliyi artıq Rusiyanı da nartahat edir:

“Lavrovla Mnatsakanyanın tez-tez görüşləri Qarabağ danışıqları çərçivəsində bir qərara gəlməklə bağlıdır. Çünki Ermənistan yenə də gah nala, gah da mıxa vurmaqla məşğuldur. Ümumiyyətlə, bu dövlətin nə xarici, nə də bölgə siyasəti var. Eləcə də rəsmi İrəvan Qarabağ münaqişəsi ilə bağlı aydın mövqe ortaya qoya bilmir. Belə olan halda danışıqlar prosesi iflic vəziyyətdə qalır və ləngimə baş verir. Qarabağ danışıqlarında olan qeyri-müəyyənlik isə istər-istəməz yeni müharibəni qaçılmaz edir”.

Politoloq vurğulayıb ki, hazırda Rusiyanın Ermənistanla münasibətlərində də qeyri-müəyyənlik dönəmi yaşanır:

“Ermənilər Rusiyanın ali siyasi rəhbərliyini keçmişdə ölkələrində baş vermiş cinayətlərin törədilməsində ittiham edir. Digər tərəfdən, qərbpərəst qüvvələr durmadan rəsmi İrəvana Rusiyadan uzaqlaşması ilə bağlı mesajlar göndərir. Belə olduğu halda, Rusiyanın Ermənistana kömək etmə ehtimalı 0-a bərabər olur”.

Politoloq bildirib ki, Rusiya Qarabağ probleminin əsas moderatoru kimi məsələnin həllində irəliləyiş əldə etməyə çalışır:

“Rusiya istəyir ki, Ermənistan bu məsələdə həm məsuliyyətini dərk etsin, həm də bu işdə məsuliyyəti olmasını təsdiqləsin. Ermənistanın danışıqlarda mücərrədlikdən konkretliyə doğru yan alması əsas məqsədlərdən biridir. Bu olmasa, Rusiyanın Minsk Qrupu çərçivəsində əsas moderatorluğu iflasa uğrayacaq”.

Xatırladaq ki, 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Sergey Lavrovun iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Bu görüşdən əvvəl Rusiya və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş baş tutub.

Firuzə Vahid / REDAKTOR.AZ