Moskva görüşünün təfərrüatları: Detallar AÇIQLANDI

 16:38 16.04.2019     745

XİN rəhbərlərinin görüşündə hər hansı bir nəticəyə nail olunduğunu düşünmürəm.

Analitik Elçin Mirzəbəyli Redaktor.az-a Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra nazirliyin yaydığı bəyanata münasibət bildirib. O, hesab edir ki, prosesdə humanitar tədbirlərin ön plana çıxarılması razılaşmanın əldə olunması anlamına gəlmir:

“Azərbaycan Prezidenti də Vyana görüşündən sonra bəyan etmişdi ki, humanitar tədbirlər yalnız danışıqlar prosesində əldə olunan fundamental razılaşmaların dəstəklənməsi üçün lazımdır. İndi isə məsələlər tamamilə fərqlidir. XİN-in yaydığı bəyanatda bir neçə istiqamətə diqqət çəkilib. Tərəflər arasında razılıq əldə olunan məsələlərdən biri təmas xəttində, münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı işləri ilə bağlı vəziyyətin sabitləşdirilməsidir. Burada söhbət Ermənistan və Azərbaycan sərhədindən gedirsə, hansısa problem yoxdur. Çünki digər tərəf beynəlxalq hüququn tanıdığı Ermənistan əraziləridir. İki tərəf arasında kənd təsərrüfatı sahəsində çalışan insanların təhlükəsizliyini təmin etməklə bağlı ümumi razılaşmanın əldə olunması prinsip etibarı ilə Azərbaycanın mövqelərinə zidd deyil. Amma söhbət Azərbaycanın işğal altında olan ərazilərindən, birbaşa Qarabağ ərazisindən gedirsə, onda məsələ mübahisəlidir. Çünki həmin ərazidə ermənilər vaxtı ilə yaşamayıb və həmin ərazilər Azərbaycan torpaqlarıdır. Orada bu gün kimsə yaşayırsa, bu məskunlaşma siyasəti nəticəsində aparılan işlərdir. Bu baxımdan onların təhlükəsizliyinə hər hansı formada təminat verməliyik?! Faktiki olaraq, söhbət həm işğal altında olan ərazilərdən, həm də Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq məskunlaşdırılan ermənilərdən gedir. Bu baxımdan bu məsələyə tam aydınlıq gətirilməsi vacibdir”.

Analitik vurğulayıb ki, digər tərəfdən Azərbaycanda və Ermənistanda olan əsir, girov və həbs edilmiş şəxslərlə görüş məsələsində razılıq əldə olunub:

“Xüsusi olaraq qeyd edim ki, Azərbaycanda girov yoxdur. Eyni zamanda, Azərbaycan ərazisində qeyri-qanuni formalaşdırılmış rejimin nəzarəti altında olan azərbaycanlı girovlar var. Əvvəla, Azərbaycan “Hamının-hamıya” prinsipini irəli sürüb. Bu prinsip beynəlxalq hüququn normalarına tamamilə uyğundur. Bu aspektdən də indiki şəraitdə söhbət Ermənistanda saxlanılan azərbaycanlılardan, onların qohum-əqrəbasının Ermənistana səfərlərindən gedirsə, (yaxud əksinə) məsələ başa düşülə bilərdi. Amma Dağlıq Qarabağda qeyri-qanuni olaraq saxlanılmış insanlardan, onların üzərində qeyri-qanuni məhkəmə hökmünün çıxarılmasından gedirsə, bu halda hansı statusla azərbaycanlılar həmin ərazilərə səfər edəcək? Dağlıq Qarabağı ayrıca bir qurum kimi qələmə verməyə çalışan Paşinyan bunun izahını necə verəcək? Ya da biz ora səfər edəcəyiksə, bu, həmin tərəfin leqal olmasa da, statusunun tanınmasına, ayrıca bir struktur kimi onların çıxartdığı məhkəmə hökmünün qəbul edilməsi anlamına gəlmirmi? Yəni, burada mübahisə doğuracaq məsələlər çoxdur”.

E.Mirzəbəyli hesab edir ki, KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə əldə olunan qərar da nəticəyə hansısa formada təsir göstərməyəcək:

“KİV nümayəndələrinin bundan öncə də qarşılıqlı səfərləri təşkil olunub. Bu, beynəlxalq təşkilatların himayəsi ilə baş verib. Ermənistanın işğalçı mövqeyində dəyişiklik baş vermədən, Azərbaycan mətbuat nümayəndəsinin Ermənistana getməsi, onların separatçı və işğalçı bəyanatlarının ölkə gündəminə daşınmasında anlam görmürəm. Düşünmürəm ki, təpədən-dırnağa aşırı milliyyətçi əhval-ruhiyyəsinə köklənmiş erməni jurnalistləri də Azərbaycana gəldikdən sonra, geriyə qayıdıb obyektiv şəkildə hər hansı bir informasiya yaymağa cəhd göstərəcək. Açığı, bu prosesin davamlı olacağına da şübhə ilə yanaşıram”.

Analitik vurğulayıb ki, indiki şəraitdə işğala son qoyulmadan, yəni ermənistan tərəfindən ən azı bu humanist missiyaların dəstəklənməsi üçün konkret addımlar atılmadan münaqişənin həlli mümkün deyil:

“Hesab edirəm ki, bu, sadəcə olaraq, Sergey Lavrovun keçirdiyi görüşün müsbət nəticələrə gəldiyi barədə PR elementindən başqa bir şey deyil”.

Qeyd edək ki, 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü, Sergey Lavrovun iştirakı ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdən sonra XİN-in yaydığı bəyanatda nazirlərin bəzi məsələlərdə razılıq əldə etdikləri qeyd edilib.

Firuzə Vahid / REDAKTOR.AZ