Ermənistan ambisiyalarını artırır: Baxmayaraq ki,Nikol qorxu içindədir...

 10:36 14.05.2019     871

Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın ambisiyaları artan xətlə davam etsə, müharibənin olması artıq labüddür.

Politoloq Tofiq Abbasov Redaktor.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatına münasibət bildirib. Politoloq hesab edir ki, ermənilərin qeyri-konstruktiv davranışları 1-ci, gün, ay, il deyil ki, davam edir:

“Ermənilər faktiki olaraq, sülh və barışığa hazır deyil. Rəsmi İrəvan ciddi cəhdlə bütün tərəfləri, dünya birliyini, o cümlədən vasitəçiləri və Azərbaycanı inandırmağa çalışır ki, məsələyə nöqtə qoyulub. Guya işğalda olan Azərbaycan torpaqları Ermənistan ərazisidir və bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Paşinyanın uğursuz və sonu olmayan manevrləri onun ölkə daxilində vəziyyətə hakim kəsilə bilməməsindən xəbər verir. Paşinyan bir yandan qorxu içindədir, digər tərəfdən idarəetməsində olan boşluqları qondarma təkliflərlə, təşəbbüslərlə doldurmağa çalışır. Bununla ətrafını vəziyyəti idarə edənin özü olduğuna və rıçaqların onun əlində olduğuna inandırmağa çalışır”.  

T.Abbasov qeyd edib ki, Azərbaycanın bu proseslərdə dözüm göstərməsi bəzən tənqidlə qarşılanır:

“Münaqişə müharibə yolu ilə həll olunsa, onun müqəddəratı hamıya bəllidir. Amma Azərbaycan öz beynəlxalq öhdəliklərinə dönük çıxmamaq üçün dözüm göstərir. Yəni danışıqlar, sülh prosesi BMT-nin Baş katibinin şəxsi mandatı üzrə Avropa Şurasına, oradan isə Minsk Qrupuna həvalə edilib. Azərbaycan bu proseslərdə bütün distansiyanı əvvəldən axıradək keçəndən sonra bəlli olacaq ki, münaqişəni danışıqlar yolu ilə həll etmək olar, ya yox! Öz qorxusunu güclə ört-basdır edən Ermənistan həqiqətən də özü üçün problem yaşamaq istəmirsə, gərək daxildə vəziyyəti ramlasın. Bundan sonra rəsmi İrəvan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Qarabağda sülhün bərqərar olmasına Ermənistan tərəfi təşəbbüs göstərməlidir. Bölgədə sabitliyin təmin olunması erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılması ilə başlaya bilər. Bunu bacarmayan Paşinyan heç bir mahiyyətə malik olmayan manevrlərlə gündəmə gəlməyə çalışacaq. Bu prosesin sonu isə müharibədir”.

Politoloq vurğulayıb ki, hər kəs atəşkəs rejiminin davam etməsini istəyər:

“Dünyada elə münaqişələr var ki, onlar uzun müddətdir ki, davam edir. Buna misal olaraq, Fələstin-İsrail problemini (70 il) göstərmək olar. İsrailin hərbi qüdrətini nəzərə alsaq, Fələstinin haqlı mövqedə olduğu müharibəni öz xeyrinə başa çatdırmaq ehtimalı 0-a bərabərdir. Fələstindən fərqli olaraq, Azərbaycanın haqlı olduğuna, müharibədə qələbə qazanmasına şübhə yoxdur. Digər tərəfdən münaqişənin həll edilməməsində bütün vasitəçilərin günahı var. Çünki onlar Ermənistana münaqişənin həlli üçün təzyiq etmirlər. Moskva da o cümlədən. Ermənistan hazırda Rusiyanı Azərbaycanla qarşı-qarşıya qoyub, bu məsələlərdən fayda götürməyə çalışır”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. Ermənistan hökumətinin başçısı özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İlham Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə özünün inadkar mövqeyini ortaya qoyub.

Firuzə Vahid / REDAKTOR.AZ